“Qarabağ”la oyunda komandamız əsl “Neftçi” adına layiq oyun sərgilədi və sonadək mübarizə apardı".
Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin prezidenti Kamran Quliyev Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV turunun oyunu barədə danışarkən deyib.
Funksioner bildirib ki, Ağdam təmsilçisi ilə görüşdə qələbə qazanmaq çox vacib idi: "Bunun öhdəsində gələ bildik. Gərgin mübarizə şəraitində keçən görüşdə qalib gəldiyimizə görə çox şadıq. Amma bu nəticə komandanı arxayınlaşdırmamalıdır".
K.Quliyev baş məşqçi Samir Abasov və futbolçulara güvəndiyini vurğulayıb: "Bu görüş artıq arxada qaldı. Növbəti oyuna hazırlaşmaq lazımdır. Baş məşqçimizə və futbolçularıma inanıram. Ümid edirəm ki, onlar "Neftçi" ailəsini növbəti qarşılaşmalarda da qələbələri ilə sevindirəcəklər".
Qeyd edək ki, "Qarabağ" üzərində qələbədən sonra xallarını 30-a çatdıran "Neftçi" liderliyə yüksəlib.