"Neftçi"nin futbolçusu: "Sabah"la oyuna yalnız qələbə üçün çıxacağıq"
- 15 aprel, 2022
- 06:54
"Sabah" klubu ilə oyuna yalnız qələbə üçün çıxacağıq".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Fərid Yusifli klubun rəsmi saytına müsahibəsində deyib.
"Ağ-qaralar"ın yetirməsi kollektivdə vəziyyətin yaxşı olduğunu və qarşılaşmaya komanda şəklində ciddi hazırlaşdıqlarını bildirib.
20 yaşlı yarımmüdafiəçi azarkeşləri daim qələbələrlə sevindirməyə çalışdıqlarını söyləyib: "Onlar ev, səfər, qalibiyyət, məğlubiyyət demədən hər zaman yanımızda olurlar. Bu, bizi daha da ruhlandırır. Biz də öz növbəmizdə tərəfdarlarımızı daim qələbələrimizlə sevindirməyə çalışırıq".
Yusifli "Neftçi" kimi komandanın start heyətində yer almaqdan məmnunluq ifadə edib: “Neftçi”nin yetirməsi olmaq Azərbaycanda futbol karyerasına bir addım öndə başlamaq deməkdir. Əlbəttə, belə bir komandanın start heyətində oynamaq mənim üçün fəxrdir. 3 oyunla kifayətlənmədən bundan sonra da daim əsas heyətdə yer almaq üçün çalışmalıyam".
Öz oyunundan razı qalmadığını vurğulayan gənc futbolçu "Bilirəm ki, daha yaxşısını edə bilərəm və bunun üçün çalışıram" deyib.
Qeyd edək ki, aprelin 16-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 20:30-da başlanacaq.