"Neftçi"nin futbolçusu: "Bu gün bütün stadion Türkiyəni dəstəkləyəcək"

"Neftçi"nin futbolçusu: "Bu gün bütün stadion Türkiyəni dəstəkləyəcək" "Çox həyəcanlıyam. Çünki Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmək mənə də qismət olub. İndi də əsas milli komanda ikinci evim olan Bakıya gəlib. Ümid edirəm ki, bu gün qələbə qazanacağıq".
Futbol
16 İyun , 2021 16:14
Neftçinin futbolçusu: Bu gün bütün stadion Türkiyəni dəstəkləyəcək
Mert Çelik

"Çox həyəcanlıyam, çünki Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmək mənə də qismət olub. İndi isə əsas milli komanda ikinci evim olan Bakıya gəlib. Ümid edirəm ki, bu gün qələbə qazanacağıq".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Mert Çelik Türkiyə yığmasının bu gün Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçirəcəyi AVRO-2020-nin A qrupunun II tur matçı barədə danışarkən deyib.

Görüşü tribunadan canlı izləyəcəyini deyən 21 yaşlı müdafiəçi bildirib ki, "ay-ulduzlular" bu qarşılaşmada ev sahibi olacaq: "Bakı Türkiyə yığmasının evidir. Biz bir millət, iki dövlətik. Bu gün bütün stadion Türkiyəni dəstəkləyəcək. "Ay-ulduzlular" hər oyuna qələbə üçün çıxır. Açılış matçında şanssızlıq oldu. Bakıdakı oyunlarda qalib gələrək, qrupdan çıxacaqlarını düşünürəm".

"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna rəqib olmasına da münasibət bildirən gənc oyunçu uğurlu nəticəyə inandığını söyləyib: "Çempionlar Liqasında atmosfer hər zaman fərqli olur. Bu turnirdə oynamaq ən böyük xəyallarımdan biridir. Meydana çıxmaq üçün səbirsizlənirəm. Ümid edirəm ki, növbəti mərhələyə biz vəsiqə qazanacağıq".

Çelik II raunddakı potensial rəqibləri olan Yunanıstan "Olimpiakos"undan da danışıb: "Çempionlar Liqasında hər oyun çətindir. Bizim üçün rəqibin adı önəmli deyil. Biz meydana qələbə üçün çıxacağıq".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq. "Neftçi" Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə üz-üzə gələcək. "Ağ-qaralar" mərhələ adlayacağı təqdirdə Yunanıstan "Olimpiakos"u ilə görüşəcək.

I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi