Çempionlar Liqası: "Neftçi" Bakıda da “Dinamo”ya qalib gəldi - VİDEO - YENİLƏNİB - 2

Çempionlar Liqası: "Neftçi" Bakıda da “Dinamo”ya qalib gəldi - VİDEO - YENİLƏNİB - 2 "Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Futbol
14 İyul , 2021 22:52
Çempionlar Liqası: Neftçi Bakıda da “Dinamo”ya qalib gəldi - VİDEO - YENİLƏNİB - 2

“Neftçi” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə qarşılaşıb.

“Report”un məlumatına görə, “Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmadan öncə stadionda Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında "Xudayar təsnifi" səsləndirilib. Qitənin ən nüfuzlu klub turnirində yubiley – 20-ci oyununa çıxan meydan sahibləri matça fəal başlayıblar. Paytaxt təmsilçisi 24-cü dəqiqədə qola yaxın olsa da, Yusuf Lavalın sol cinahdan ötürməsinə Sezar Meza Kolli toxuna bilməyib. Qonaqların buna cavabı daha təhlükəli alınıb. Cinah ötürülən topu Giorgi Qabedava başla qapıya göndərsə də, Aqil Məmmədov rəqib hücumçunun fərqlənməsinə imkan verməyib. 44-cü dəqiqədə Qabedava növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə onun zərbəsində azacıq dəqiqlik çatmayıb. 44-cü dəqiqədə "Neftçi" azarkeşləri 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə əsgər salamı veriblər. Birinci hissə qolsuz bərabərliklə yekunlaşıb.

İkinci yarının startında “Neftçi”nin heyətində Mamadu Mboc kobud səhvə yol verib. Amma Gürcüstan təmsilçisi oyunçunun bu “hədiyyə”sindən istifadə edə bilməyib. Buna baxmayaraq, 51-ci dəqiqədə “Dinamo” Milan Radinin qolu ilə hesabı açıb. Lakin qonaqların sevinci cəmi 7 dəqiqə çəkib. Cərimə meydançasında Meza Kolliyə qarşı kobudluqdan sonra təyin olunmuş penaltini kapitan Emin Mahmudov dəqiq yerinə yetirib. Hesabı bərabərləşdirdikdən sonra hücuma daha inamla atılan “ağ-qaralar” 68-ci dəqiqədə 2-ci topu vurublar. İlk oyunda rəqib qapısına yol tapan Namik Ələskərov cavab matçında da adını tabloya yazdırıb. Oyunun sonlarına doğru “Dinamo” hesabı bərabərləşdirsə də, yan xətt hakimi ofsayd qeydə alıb. Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane topu boş qapıdan çıxarıb.

Beləliklə, evdə əzmkar qələbə qazanan “Neftçi” II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan “Olimpiakos”u olacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. “Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

22:25

"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 68-ci dəqiqədə "ağ-qaralar"ın heyətində Namik Ələskərov fərqlənib - 2:1.

22:14

"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, 58-ci dəqiqədə "ağ-qaralar"ın kapitanı Emin Mahmudov penaltidən fərqlənərək, tarazlığı bərpa edib - 1:1.

22:07

"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 51-ci dəqiqədə Milan Radin Tbilisi təmsilçisini önə keçirib.

22:01

"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra qapılara qol vurulmayıb - 0:0.

21:46

"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, birinci yarıdan sonra hesab açılmayıb - 0:0.

20:59

"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilən qarşılaşma saat 21:00-da start götürüb. Matçı moldovalı FIFA referisi Dumitri Muntean idarə edir.

Qeyd edək ki, Tbilisidəki ilk görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi