"Neftçi" komandasında baş məşqçi Miodraq Bojoviçin taleyinə Azərbaycan Premyer Liqasının sonuncu oyunundan sonra aydınlıq gələcək.
Bu barədə "Report"a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.
"Hazırda klub olaraq "Sabah"la oyuna köklənmişik. Bizi, sadəcə, həmin matç düşündürür. Bu qarşılaşma bitəndən sonra suallara aydınlıq gələcək. Bütün məsələlər haqqında mətbuata açıqlama veriləcək", - deyə paytaxt təmsilçisindən bildirilib.
Qeyd edək ki, XXXVI turda "Neftçi" - "Sabah" matçı mayın 25-də, saat 19:00-da start götürəcək. Meydan sahibləri hazırda 56 xalla ikinci, qonaqlar 55 xalla dördüncü pillədə qərarlaşıb. Sonuncu turun "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" görüşləri də avrokuboklara vəsiqə baxımından önəmli olacaq. Həmin oyunlar da eyni saata təyin edilib.
Xatırladaq ki, monteneqrolu baş məşqçinin təyinatı zamanı "Neftçi"nin icraçı direktoru Fərrux Mahmudov hədəfin ölkə kubokunu qazanmaq və çempionatda minimum ikinci yeri tutmaq olduğunu söyləyib. "Ağ-qaralar" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzub - 0:4, 1:4.