“Hazırda Zaqrebdə, evimdəyəm, istirahət edirəm. Ölkə xaricindən bəzi təkliflərim var. Amma qərar verməyə tələsmirəm. Yaxın günlərdə bir çox suallara aydınlıq gələcək”.
Bu sözləri “Report”a açıqlamasında futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, AFFA-nın yığmanın sükanı arxasına yeni baş məşqçi axtarışından xəbərdardır: “Namizədlərin kim olduğunu bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, AFFA yerli mütəxəssis axtarırsa, millidəki köməkçim Arif Əsədovu məsləhət görə bilərəm. Onun haqqında fikirlərim müsbətdir. Əsədov, həqiqətən, etibarlı insan və yaxşı məşqçidir. Təcrübəlidir, yığmanın futbolçusu olub, millinin hazırkı üzvlərini yaxşı tanıyır, futbolu bilir. Hesab edirəm ki, yığmanın baş məşqçisi olmağa layiqdir. Ona şans vermək olar”.
Qeyd edək ki, 2019-cu il fevralın 11-də Azərbaycan millisinə baş məşqçi təyin olunmuş Nikola Yurçeviç həmin il dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.
Elnur SALAHOV