Azərbaycan millisinin sabiq futbolçusu, Serbiya əsilli hücumçu Branimir Subaşiçin "Report"a müsahibəsi
- Futbolçu karyeranızı başa vurduqdan sonra hansı işlə məşğul olursunuz?
- Hazırda bizneslə məşğulam, tikinti şirkətim var. Hələlik işlərim qaydasında gedir. İş o qədər olur ki, hərdən futbola baxmağa vaxt tapmıram.
- Futbol oynamaq daha çətindir, yoxsa biznesi idarə etmək?
- Hərəsinin öz məsuliyyəti var. Əvvəl düşünürdüm ki, futbol mənim həyatımdır. Amma həyat futbolsuz da gözəldir.
- Yəqin ki, futboldan tam uzaqlaşmamısınız. Arada oyunlara baxırsınız. Xüsusilə də Azərbaycan millisinin matçlarına...
- Əlbəttə, baxıram. Yığmanın bir oyununu belə qaçırmamışam. Gənc komanda formalaşdırılıb, hiss olunur ki, futbolçuların potensialı var.
- 2007 - 2013-cü illərdə Azərbaycan millisinin formasını geyinmisiniz. Həmin vaxtdan bu yana yığmada nə kimi dəyişikliklər müşahidə etmisiniz? Sizcə, hansı komanda daha güclüdür?
- Təşkilatçılıq baxımından çox dəyişiklik var. İndi hər şey daha yaxşıdır. Oyun planında isə... Bizim vaxtımızda yaxşı futbolçular var idi. Açığı, müqayisə anlamında heç nə deyə bilmərəm.
- Sizin dövrünüzdə millidə legionerlər çox idi. İndi isə komandada demək olar ki, milliləşdirilmiş oyunçu qalmayıb. Buna münasibətiniz necədir?
- Hə, indi legioner çox azdır. Bu, yəqin ki, bir qədər də maliyyə ilə bağlıdır. Amma mən milliləşmənin əleyhinə deyiləm. Yaxşı legioneri yığmaya cəlb etmək olar.
- Yığma UEFA Millətlər Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurdu. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Nəticəni normal saymaq olar. Düzdür, elə güclü qrup deyildi. Amma pis alınmadı. Düşünürəm ki, daha yaxşısını da etmək olardı. Məsələn, Kiprlə səfər oyunu çox xoşuma gəldi. Həmin matçda bütün komanda yaxşı oynadı və bunun məntiqi nəticəsi kimi qələbə qazandı.
- Bu ilin avqustundan yığmaya Canni De Byazi başçılıq edir. Necə düşünürsünüz, 2016-cı ildə Albaniya seçməsini Avropa çempionatının final mərhələinə aparan italiyalı mütəxəssis burada da uğur qazana bilər?
- Buna indi cavab vermək çox çətindir. Hər şeyi zaman göstərəcək. Baş məşqçi komanda ilə daha çox vaxt keçirməli, bütün futbolçularla ciddi məşğul olmalıdır. Çempionatı və oyunçuları izləmək də vacibdir. Həmçinin ölkənin mədəniyyətində yaxından bələd olmalıdır. Sözün əsl mənasında, yorulmadan işləməlidir.
- Azərbaycan millisini qarşıda DÇ-2022-nin seçmə mərhələsinin oyunları gözləyir. Bir neçə gün öncə püşk atıldı və yığma Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla eyni qrupa düşdü. Komanda nəyə ümid edə bilər?
- Bir qədər çətin qrupdur. Portuqaliya aşkar favoritdir. Serbiya digər rəqiblərlə 2-ci yer uğrunda mübarizə aparacaq. Azərbaycan Kiprlə matçdakı kimi çıxış etsə, istənilən rəqibə qarşı oynaya bilər. Hər bir komandanı taktiki baxımdan düzgün analiz etmək lazımdır. Düşünürəm ki, Azərbaycan millisi sürpriz etməyə çalışacaq.
- İkinci yer uğrunda mübarizə aparmaq olar?
- Əlbəttə, tam realdır. Artıq uğur qazanmağın vaxtı çatıb. Yığma hər oyuna maksimum konsentrasiya ilə çıxmalıdır.
- Azərbaycan və Serbiya arasındakı matçlarda kimə azarkeşlik edəcəksiniz?
- Çox maraqlı oyunlar olacaq. Amma azarkeşlik barədə nə isə demək çətindir. Çünki Serbiyada doğulmuşam, Azərbaycanda yaşamışam, ən yaxşı illərimi orada keçirmişəm. Əsl futbol matçının olmasını istəyirəm. Hər iki tərəf hücum etsin, qarşılıqlı zərbələr olsun.
- Yaxşı, sualı başqa cür qoyaq: Oyuna hansı yığmanın forması ilə baxacaqsınız?
- (Gülür). Matçı ağ köynəkdə izləyəcəyəm.
- Yenidən nə vaxtsa Azərbaycana gəlməyi planlaşdırırsınız?
- Əlbəttə. Sərhədlər açılsın, tezliklə Bakıya gələcəyəm. Çox darıxmışam. Orada maraqlı günlərim çox olub. Bu ölkəni sevirəm. Hər zaman Azərbaycan haqqında həqiqətləri demişəm.
- Yəqin ki, Qarabağdakı 44 günlük müharibədən, Azərbaycan Ordusunun qələbəsindən məlumatınız var...
- Bəli, hadisələri diqqətlə izləyirdim. Müharibə istənilən halda çox pisdir. İnsanlar yaxınlarını itirdilər. Yaxşı tərəfi isə odur ki, Qarabağ münaqişəsi öz həllini tapdı. Bilmirəm, bunun başqa həll yolu mümkün idi, ya yox. Azərbaycan öz tarixi torpaqlarını geri qaytardı və ərazi bütövlüyün təmin etdi. Sizin Prezidentiniz güclüdür, əsl kişidir.