Futbol üzrə İngiltərə Premyer Liqasında XXXIV turun "Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salınıb.
"Report"un məlumatına görə, bu barədə qərar təhlükəsizlik tədbirləri ilə əlaqədar qəbul edilib.
Bu gün yerli klubun fanatları rəhbərlikdən narazılıq əlaməti kimi Mançester şəhərində çaxnaşma törədiblər. Əvvəlcə azarkeşlər "Old Trafford" stadionu önündə aksiya keçiriblər, daha sonra onların bir hissəsi arenanın içərisinə soxulub.
"Mançester Yunayted" klubunun yaydığı açıqlamada bildirilir ki, polis, Premyer Liqa və "Old Trafford" stadionunun rəhbərliyi ilə müzakirələrdən sonra oyunun ertələnməsinin məqsədəuyğunluğu qənaətinə gəlinib. Hələlik matçın nə vaxt keçiriləcəyi məlum deyil.
Qeyd edək ki, bu görüş İngiltərə çempionunun müəyyənləşməsi baxımından önəmli idi. "Mançester Yunayted" uduzsaydı, "Mançester Siti" sona 4 tur qalmış Premyer Liqanın qalibi adını qazanacaqdı.