Mahir Məmmədov: "Dinamo" "Neftçi"nin yolunu indi keçməlidir" - MÜSAHİBƏ

Mahir Məmmədov: "Dinamo" "Neftçi"nin yolunu indi keçməlidir" - MÜSAHİBƏ “SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru və AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov "Neftçi"nin Tbilisidə "Dinamo" ilə keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl Boris Payçadze adına stadiondakı məşqini i
Futbol
1126
7 İyul , 2021 11:53
Mahir Məmmədov: Dinamo Neftçinin yolunu indi keçməlidir - MÜSAHİBƏ
Mahir Məmmədov

“SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru və AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov "Neftçi"nin Tbilisidə "Dinamo" ilə keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl Boris Payçadze adına stadiondakı məşqini izləyib. Klub rəsmiləri ilə xeyli söhbətləşən M.Məmmədov daha sonra "Report"un Gürcüstan paytaxtına ezam olunmuş əməkdaşının suallarını cavablandırıb:

- Tbilisidə "Dinamo" ilə keçirəcəyi oyundan əvvəl "Neftçi" barədə təəssüratlarınız necədir?
- İlk növbədə, "Neftçi" Gürcüstana xoş gəlib, səfa gətirib. Çox şadam ki, komandamızı burada qonaqlayırıq. "Neftçi" Azərbaycan futbolunun flaqmanı, lideri olub və ümidvaram ki, bu adı uzun illər qoruyacaq. Klub rəhbərliyi ilə söhbətimizdə də qeyd olundu ki, müəyyən dövrlərdə "Neftçi" irəli addımlayıb və ya süquta doğru gedib. Xoşbəxtlikdən, hazırda bu klubun gözəl menecmenti, Avropasayağı olmasa da, Avropaya yaxın maliyyəsi, yeni maddi-texniki bazası var. Həmin baza barədə də danışdıq. Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üstündə salınmış Türk Hava Yolları Mərkəzində akademiya, təbii örtüklü üç, qapalı iki meydança komandanın intensiv və planlı inkişafına böyük zəmin yaradır. Təsadüfi deyil ki, "Neftçi" həm Azərbaycan Premyer Liqasında, həm də I Divizionda qızıl medal qazandı. Bu nailiyyətlər "Neftçi" azarkeşlərinə sinələrini uzun müddət daha da irəli verərək, gələcəyə qürurla baxmalarına böyük əsas verir. "Neftçi"nin vaxtilə sönmüş, ruhdan düşmüş azarkeşləri hazırda yeni renessans dövrünü yaşayırlar.

- "Dinamo" ilə oyunlardan nə gözləyirsiniz?
- Bu, "Neftçi"nin Avropa yürüşünün əvvəlidir. Bilirəm ki, "Qarabağ" kimi "Neftçi" də ya bu, ya da növbəti mövsüm qitə miqyasında adını bərpa edəcək. Bilirəm ki, "Dinamo" ilə Tbilisidəki oyun çox maraqlı olacaq. Bu, prinsipial xarakterli qarşılaşmadır.

- Avrokuboklarda qrupa düşən ilk komanda "Neftçi" olub. 2012-ci ildə də qrupa doğru yol Gürcüstanın digər təmsilçisi "Zestafoni" ilə başlamışdı...
- Bəli, xatırlayıram. Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu Zestafonidə keçirildi. David Abaşidze adına stadionda şərait xoşagələn deyildi. Orada da komandamızın yanında idik. İndi isə "Neftçi" yeni tarix və yeni səviyyəyə qədəm qoyub. Özü də dediyim kimi, planlı, düşünülmüş şəkildə və yeni baza ilə. Ona görə də hazırda optimizm daha çoxdur.

- Bəs bu dəfə nəyə ümid etmək olar?
- İndidən deyə bilmərəm. Qoy, başlasınlar da (gülür - red.). Əlbəttə, yolu getmək üçün ilk addımları atmaq lazımdır. Görür və hiss edirəm ki, ilk addımlar çox düzgündür, uğurludur.

- Siz "Dinamo" barədə də müəyyən informasiyaya maliksiniz. "Neftçi" bu rəqibi nəyin sayəsində keçə bilər?
- Mən bilmirəm ki, "Dinamo" "Neftçi"ni nəyin sayəsində keçə bilər (gülür - red.). Çünki bu komandanın əvvəlki şanlı tarixi arxada qalıb. Klubun rəhbərliyini gözəl tanıyıram, uzun müddət bizim biznes tərəfdaşlarımız olublar. Deyə bilmərəm ki, hazırda "Dinamo" renessansa, bərpaya köklü, fundamental şəkildə qədəm qoyub. Məncə, bu klub "Neftçi"nin yeni tarixdə arxada qoyduğu yolu indi keçməlidir.

- Sizcə, "Dinamo"nun hazırkı baş məşqçisi Kaxaber Tsxadadzenin uzun müddət Azərbaycanda işləməsi və "Neftçi"ni tanıması rol oynaya bilər?
- Bu amil barədə bir söz deyə bilmərəm. Tsxadadzenin "Dinamo"da necə işləməsini izləməmişəm. Tbilisi komandasında yenidir. Onun nəticələrindən xəbərsizəm. Tsxadadze Azərbaycanda çox tanınmış, hörmətli mütəxəssisdir. Vaxtilə onun Azərbaycan millisinin baş məşqçi postuna namizədliyini də nəzərdən keçirirdik. Belə məqamlar da olub.

Son xəbərlər

Orphus sistemi