“Liverpul” “Şeffild”lə oyunda tarixi rekorda imza atıb
- 04 aprel, 2024
- 23:50
“Liverpul” İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “Şeffild Yunayted”ə qarşı oyunda topa sahibolma göstəricisinə görə tarixi rekorda imza atıb.
“Report” xəbər verir ki, hesablamanı “Opta” idman analitikası şirkəti aparıb.
“Enfild” stadionunda baş tutan oyunda “qırmızılar”ın topa sahibolması 83,1 % təşkil edib ki, bu da bütün zamanların ən yüksək göstəricisidir.
Öncəki rekord buna 2018-ci ildə nail olan “Mançester Siti”yə məxsus idi. Beş il öncə “şəhərlilər” “Suonsi” ilə oyunda 82,9 % topa sahibolma göstəricisinə malik olublar. Digər üç yüksək göstərici də Yürgen Kloppun “Liverpul”u və Pep Qvardiolanın “Mançester Siti”sinin rəqiblərinə qarşı oyunlarında qeydə alınıb.
Xatırladaq ki, “Liverpul” – “Şeffild Yunayted” matçı Mersisayd təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Liverpul” turnir cədvəlindəki liderliyi bərpa edib.