İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropa Super Liqası layihəsinə qarşı çıxıb.
"Report"un məlumatına görə, 69 yaşlı funksioner şəxsi tvitter hesabında "Real Madrid"in və Superliqanın prezidenti Florentino Peres haqqında da yazıb.
Tebas 2020-ci ilin dekabrında Peresin çox dağınıq vəziyyətdə olduğunu, hazırda isə tamamilə itdiyini bildirib: "O, futbolun ölməkdə olduğunu söyləyir, amma bu, belə deyil. Üstəlik, Superliqa problemin həlli ola bilməz. Bu, futbolun ölümüdür".
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.
"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, "Yuventus"dan Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.