"Fikirlərimi sözlə ifadə edə bilmirəm. Çox xoşbəxtəm. Bu, heyrətamiz hissdir".
"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu qırması barədə şəxsi instaqram hesabında yazıb.
36 yaşlı hücumçu rekordun onun karyerası üçün çox özəl olduğunu vurğulayıb: "Bu, qürur duyduğum nailiyyətlərdəndir. Bu uğuru belə qiymətləndirməyimin başqa səbəbi Əli Daeinin standartları yüksək səviyyədə qurmasıdır. Hətta bəzən ona çata bilməyəcəyimi düşünürdüm. Rekordu uzun müddət saxladığı üçün Daeini təbrik edirəm".
Qeyd edək ki, Kriştianu Ronaldu İrlandiyanı 2:1 hesabı ilə məğlub etdikləri DÇ-2022-nin seçmə oyununda dubl edib. Forvardın ilk qolu yığmada 110-cu olub. Beləliklə, Ronaldu milli komandalarda ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb. Əli Daei İran millisində 109 dəfə fərqlənib.