Kamran Quliyev: "Neftçi"nin futbolçusu heç nədən qorxmamalıdır"

Kamran Quliyev: "Neftçi"nin futbolçusu heç nədən qorxmamalıdır" "Neftçi"nin prezidenti Kamran Quliyev "Report"un əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
Futbol
1 Sentyabr , 2020 18:32
Kamran Quliyev: Neftçinin futbolçusu heç nədən qorxmamalıdır
Kamran Quliyev

"Neftçi"nin prezidenti Kamran Quliyev "Report"un əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Sizdə intuisiyanın güclü olduğunu gördük. Potensial rəqiblərin sayı 3-ə enəndə "Qalatasaray"ın düşəcəyini dediniz. Bu, intuitiv idi, yoxsa nə ilə bağlı idi?

- Həm intuitiv idi, həm də istəklə bağlı idi. Bizim futbolçulardan soruşun. Kim "Qalatasaray"la oynamaq istəməz? Qələbə olsa, bu, 3 qat, 5 qat daha şirin olacaq. Buna inanırıq. Klub, futbolçular, azarkeşlər üçün böyük oyundur.

- Qorxmursunuz, birdən əksi baş verər?

- Nədən qorxmalıyam? "Neftçi"də işləyən istənilən adam nədənsə qorxursa, burada ola bilməz. Belə oyunlarda uşaqlara motivasiya vermək lazım deyil. Qarşındakı klubun adı kifayət edir. Təbii ki, hər şey ola bilər. Biz meydana qələbə üçün çıxacağıq.

- Nəyə əsasən qələbəyə inanırsınız?

- İstək, fədakarlıq və təbii ki, ən əsası bizim adımız. "Neftçi"nin futbolçusu heç nədən qorxmamalıdır. Meydana çıxıb istənilən komandaya qarşı mübarizə aparmalıdır. Futbol adlardan ibarət deyil. Hərşeyi keyfiyyətə bağlamaq olmaz. İstək, bəxt amili də var. Cütün taleyi bir oyunla həll olunacaq. Ona görə də hər şey baş verə bilər.

- İndiki və ötənilki komandanı necə müqayisə edərdiniz?

- Fərqli komandalardır. Bəzi futbolçular bizi tərk edib. Yeni gələnlərə 2 oyuna görə qiymət vermək istəmirəm. Biz onları buraya 2 oyunluq gətirməmişik. Zaman lazımdır. Baxın, bazamız neçə ildir tikilir. Heç nə birdən-birə olmur. Futbolçular əvvəlcə adaptasiya prosesini keçməlidirlər. Onların "Neftçi"yə layiq olub-olmadığını zaman göstərəcək.

- Yeni hücumçunun gəlişinə nə mane olur?

- Burada pandemiya rol oynamır. Bir çox hücumçu texniki korpus tərəfindən izlənilib. 100 nəfərdən 2-3 nəfəri bəyənmişik. Baş məşqçimiz oyunçunu bəyəndikdən sonra bu məsələ maliyyə müstəvisinə keçir. Bu barədə isə problem yoxdur. Məncə, bu gün - sabah iş bitməlidir. Elə futbolçu var ki, daha yaxşı təklif alıb gedib. Buraya hər kəs gəlmir.

- Türkiyə klublarının maraqlandığı 2 futbolçu kimdir?

- Hətta böyük klubların biri də bizim 1 futbolçumuzla maraqlanırdı. Sadəcə danışıqlar hələ yekun mərhələdə deyil. Klubun və futbolçunun adını açıqlasam, düz olmaz. Xahiş ediblər ki, ad çəkməyək. Söz xatirinə deyilmiş söz deyil.

- Ən azından deyərdiniz, bunlar yerli oyunçulardır, yoxsa əcnəbi?

- Biri yerlidir, digər əcnəbi.

- "Qalatasaray"la oyundan sonra təklif gələn futbolçularınızın sayı arta bilər. Müsbət mənada sizin üçün başağrısına çevrilə bilər. Buna görə narahat deyilsiniz?

- Uşaqların "Neftçi" kimi böyük klubdan daha rəqabətli liqaya getməsi bizim üçün həm mənəvi, həm də maddi baxımdan maraqlı ola bilər.

- Amma mövsüm də başlayıb və onların yerini doldurmaq çətin ola bilər...

- Bəli, hər şeyi nəzərə almalıyıq. Müəyyən amillər var: futbolçunun gələcəyi, kluba gələcək xeyir. Bu gün "Neftçi" öz futbolçusunu yaxşı liqaya sata bilsə, o zaman Avropanın səviyyəli çempionatlarında çıxış edən klubların skautları tez-tez bizim Premyer Liqaya baxıb oyunçu istəyəcəklər. Çünki biz futbolçu satan ölkə deyilik. Nadir hallarda belə şey baş verir. Dünyada futbol biznesi var. Biz də buna qoşulmaq istəyirik. Məsələn, "Neftçi"yə Yusuf Laval gəlib. Adı siyahıda yoxdur. Bu gün burada yüksəlsə, müəyyən səviyyəyə çatsa, niyə də onu satmayaq və pul qazanmayaq? Bizim də öz idman prinsiplərimiz var. Qızıl medal qazanmaq, çempion olmaq istəyirik. Amma həm də digər klublar kimi pul qazanmaq istəyirik. Dünyada cəmi 3-4 komanda var ki, onlar futbolçu satmır. Digər klublar vaxtında yaxşı futbolçu tapırlar, onu heyətə cəlb edirlər. Müəyyən səviyyəyə çatdırıb, yaxşı qiymətə satırlar. Bu, sadə bir şeydir. Yeni nə isə icad etmirik.

- Azarkeşlərin "Qalatasaray"la oyunda tribunada olmaması həm bayramı korlayacaq, həm də klubu müəyyən gəlirdən məhrum edəcək. Bu, üzüntü yaşatmır?

- Bizim üçün böyük üzüntüdür. Əsl bayram azarkeşsiz ola bilməz. Nəinki matç ərzində, oyun ərəfəsində də nə qədər bayramlar ola bilərdi. Hamınız Avropa Liqasının finalının və həmin oyunun ətrafında baş verənlərin şahidi olmusunuz. Tədbirlər, fanatlarla görüş ola, "Qalatasaray"ın keçmiş ulduzlarını buraya dəvət edib azarkeşlərlə görüşdürmək olardı. Amma reallığa baxmaq lazımdır. Bu gün bütün dünya pandemiya ilə mübarizə aparırır. Bu, klubun kassasını möhkəmləndirmək, maliyyəni artırmaq üçün bir fürsət idi. Azarkeşlərə qadağa qoyulmasaydı, oyunu Bakı Olimpiya Stadionunda da keçirə bilərdik.

- Baş məşqçi Füzuli Məmmədov cəsarətli açıqlama verdi ki, "Qalatasaray"la oyunda qələbə şansı 100 faizdir. Bəs klub prezidenti hansı fikirdədir?

- Həmişə demişəm ki, oyuna çıxanda hər iki komandanın şansları bərabər olur. Burada güclü-zəif rəqib anlayışı yoxdur. "Neftçi" və "Qalatasaray" adlı-sanlı komandalardır. Ola bilər ki, kimsə kağız üzərində favoritdir. Füzuli müəllim komandanı oyuna kökləmək istəyir. Hamımız bilirik ki, matça bir məqsəd üçün çıxmalıyıq. Ona görə də onun belə fikirlər səsləndirməsi normaldır. Biz baş məşqçini dəstəkləyirik.

- "Qalatasaray"dan sizə zəng olubmu?

- Xeyr. Amma kluba yaxın adamlardan tanıdıqlarım var. Onlarla danışmışam.

- İlkin təəssüratları necədir?

- Dəfələrlə yazışdığım adam mənə deyir ki, necə oldu, bu qədər komanda arasından bir-birimizə rəqib olduq. Şükrü Hanedar var, 2 il öncə Avropa Klublar Birliyinin iclasında tanış olmuşuq. Onunla yazışdıq. Bu, bizə köməkdir.

- "Qalatasaray"la növbəti mərhələlərdə, məsələn, pley-offda düşmək istəməzdiniz?

- Xeyr. Bir oyunluq mərhələdə hər şey ola bilər. Bəlkə də, indi bir çox adam bizim şansımızın az olduğunu düşünür. Hər keçdiyimiz mərhələyə görə kluba əlavə vəsait gəlir. Qismət indiyə imiş. Hamımız üçün bu oyun bayramdır. Yeganə problem odur ki, görüş azarkeşsiz olacaq.

Son xəbərlər

Orphus sistemi