"Nəticə arzuladığımız kimi olmasa da, komandamdan razı qaldım".
"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Qazaxıstana 5:6 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra deyib.
Braziliyalı mütəxəssis bugünkü oyunun dünənki qarşılaşmanın bənzəri olduğunu bildirib: "İki əsas oyunçumuz – Eduardo Borges və Everton Kardoso bu dəfə zədə səbəbindən meydana çıxa bilmədi. Yenə birinci hissədə yaxşı oynadıq. Hər iki qarşılaşmadakı nizam-intizamdan razı qaldım. Taktiki palanda etmək istədiklərimizi reallaşdırdıq. Heyətimiz qısa olduğuna görə ikinci hissədə yenə yorğunluq sözünü dedi, həm də digər taktiki variantlarımızı tətbiq edə bilmədik. Əvəzində gənc futzalçılarımıza da şans verdik. Onlar bu cür oyunlarda “bişəcəklər”.
Da Silva 7 əsas oyunçunu Qazaxıstana gətirə bilmədiklərini söyləyib: "Üstəlik iki nəfər də dünənki görüşdə zədələndi. Bir komanda üçün bu qədər itki çoxdur. Həm bizim, həm də Qazaxıstan üçün vacib rəsmi oyunlarda qazanılacaq nəticələrdi. Atmosfer, azarkeşlər, oyunun keçirildiyi zal çox gözəl idi. Bu münasibətlə sizi təbrik edirəm”.