İqor Ponomaryov: "Avrokubok yarışında "Sabah"ın əsas rəqibi "Qəbələ"dir"
- 29 mart, 2022
- 09:23
"Bu gün əsas rəqibimiz "Qəbələ"dir".
Bunu "Report"a müsahibəsində "Sabah"ın idman direktoru və Müşahidə Şurasının üzvü İqor Ponomaryov komandanın avrokubok şansları barədə danışarkən deyib.
Veteran futbolçu bildirib ki, mövsümün qalan hissəsində "Qəbələ"nin xal itirmə ehtimalı daha çoxdur. Onun fikrincə, Premyer Liqada "Neftçi" və "Zirə"nin belə halla üzləşəcəyi şübhəlidir.
Ponomaryov istisna etməyib ki, "Qəbələ" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzsa, Premyer Liqadakı 4-cü pillə avrokuboklara vəsiqə verə bilər: "Hər şey ola bilər. Biz xal itirməməliyik, buna haqqımız yoxdur. "Qəbələ" ilə aramızdakı xal fərqi, əlbəttə, çoxdur. Burada kimin xal itirməsi həlledici olacaq. Əsas odur ki, biz xal itkisi ilə üzləşməyək. Sağa-sola addım atmaq şansımız yoxdur. Kobud səslənsə də, aramızdakı oyunda qələbə qazansaq belə, bizi rəqibdən 4 xal ayıracaq. Sonrakı oyunlarda isə "Qəbələ"nin itirə biləcəyi 4 xalı var. Biz isə yalnız qalib gəlməliyik. Bu halda rəqibi turnir cədvəlində qabaqlaya bilərik. Çox qəliz vəziyyətdir. Lakin biz son turadək oynayacağıq".
"Sabah" rəsmisi komandanın çıxışı barədə də danışıb: "Prinsipcə, pis çıxış etmirik. Xüsusən, Azərbaycan Premyer Liqasının II dövrəsində yaxşı oynayaraq, kifayət qədər çox - 18 xal toplamışdıq. Amma bəlkə də Azərbaycan Kubokunun 1/4 final matçlarında toparlana bilmədik. Digər tərəfdən, "Neftçi", "Qarabağ" və "Zirə" kimi çempionatın liderlərinə qarşı oynamışıq. İstənilən halda məşq edib hər şeyə hazır olmaq və oynamaq lazımdır. "Sumqayıt"la qarşıdakı görüşdə istədiyimiz oyunu göstərəcəyimizə ümid edirik".
Qeyd edək ki, 20 turdan sonra "Sabah" 26 xalla 5-ci pillədə qərarlaşıb. 14 xala malik "Sumqayıt"la səfər qarşılaşması aprelin 3-də "Kapital Bank Arena"da keçiriləcək və saat 18:15-də start götürəcək.
İqor Ponomaryovla müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.