İngiltərə Premyer Liqasının XXXII turunda “Çelsi” autsayder “İpsviç”i, “Nyukasl” isə “Mançester Yunayted”i qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Stüart Ətueilin idarə etdiyi “Çelsi” – “İpsviç” matçı “Stemford Bric”də, Kris Kavananın idarə etdiyi “Nyukasl” – “Mançester Yunayted” qarşılaması isə “Sent Ceyms Park”da baş tutub.
Birinci oyunda qonaqlar sensasiyaya yaxın olsalar da, “zadəganlar” buna imkan verməyib. Belə ki, qarşılaşmanın birinci hissəsi “traktorçular”ın inamlı üstünlüyü ilə başa çatıb. 19-cu dəqiqədə Xulio Ensiso, 31-ci dəqiqədə isə Ben Conson fərqləniblər. Lakin ikinci hissədə ev sahibləri "status-kvo"nu bərpa ediblər. 46-cı dəqiqədə “İpsviç”in konqolu müdafiəçisi Aksel Tuanzebe avtoqola imza atıb, 79-cu dəqiqədə isə Ceydon Sanço matçda son nöqtəni qoyub – 2:2.
“Nyukasl” – “Mançester Yunayted” qarşılaşmasında isə beş qol vurulub. 24-cü dəqiqədə Sandro Tonali “sağsağanlar”ı hesabda irəli çıxarıb, 37-ci dəqiqədə isə Alexandro Qarnaço tablodakı rəqəmləri bərabərləşdirib.
İkinci hissədə “Nyukasl” Harvi Barns (49, 64) və Brunu Gimaraynşın (77) qolları sayəsində “qırmızı şeytanları” daha üç dəfə məyus edib – 4:1.
Beləliklə, 32 turdan sonra 54 xala malik “Çelsi” “Aston Villa” ilə xallarını bərabərləşdirib və 6-cı pilləyə yüksəlib. 18-ci pillədəki “İpsviç”in (21 xal) isə mövqeyi dəyişməyib.
Bu qələbədən sonra “Nyukasl” (56 xal) “Aston Villa” (54 xal), “Çelsi” (54 xal) və “Mançester Siti”ni (55 xal) geridə qoyaraq ilk "dördlüy"ə daxil olub. Ehtiyatında bir oyunu olan “sağsağanlar”ı “Nottinqem Forest”dən 1, “Arsenal”dan isə 7 xal ayırır. Ruben Amorimin yetirmələri (38 xal) isə “Everton”un dünənki qələbəsi fonunda 14-cü pilləyə düşüblər. Komandanın liqadan düşmək ehtimalı olmasa da, növbəti il avrokuboklarda iştirak etmək uğrunda mübarizədən də kənarda qalıb. Bununla belə, “qırmızı şeytanlar” Avropa Liqasında mübarizəni davam etdirirlər. Turnirdəki mümkün birincilik “mankunianlar”a Çempionlar Liqasına vəsiqə qazandıracaq.
Qeyd edək ki, günün digər qarşılaşmalarında “Tottenhem” “Vulverhempton” səfərindən əliboş qayıdıb (2:4), “Liverpul” isə son dəqiqələrdə “Vest Hem”dən 3 xal qoparıb.