İngiltərə Premyer Liqasının 31-ci turunda “Liverpul” “Enfild”də “Şeffild Yunayted”i qəbul edib.
“Report” xəbər verir ki, oyunu hakim Stüart Attuell idarə edib.
17-ci dəqiqədə qonaqların qapıçısı İvo Qrbiçin topa uğursuz zərbəsi “Liverpul”un hücumçusu Darvin Nunyesə toxunaraq qapıya daxil olub. İkinci hissədə isə müdafiəçi Bredli Konora toxunan top Kelleherin ayaqları arasında keçərək tora düşüb - 1:1.
77-ci dəqiqədə “Liverpul” istəyinə çatıb: argentinalı yarımmüdafiəçi Aleksis Mak Allister mükəmməl qola imza atıb. 90-cı dəqiqədə isə niderlandlı Kodi Qakpo Robertsonun dəqiq hava ötürməsindən sonra topu başla qapıya yönləndirərək matçda son nöqtəni qoyub – 3:1.
Qeyd edək ki, “Liverpul” 30 oyundan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. “Qırmızılar”ın ən yaxın təqibçiləri “Arsenal” (68 xal) və “Mançester Siti”dir (67). “Şeffild Yunayted” eyni sayda oyundan sonra cəmi 15 xal toplaya bilib və sonuncu pillədə qərarlaşıb.







