İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini 5-ə çatdırıb

Futbol
  • 21 yanvar, 2024
  • 18:34
İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini 5-ə çatdırıb

İngiltərə Premyer Liqasının 21-ci turunda “Bornmut” “Liverpul”u qəbul edib.

“Report” xəbər verir ki, matç “Din Kort” stadionunda baş tutub.

Oyunu Endryu Medlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə hesab açılmayıb.İ kinci yarıda isə mənzərə tamamilə fərqli olub. 49-cu dəqiqədə Darvin Nunyes “qırmızılar”ı hesabda irəli çıxarıb. 70-ci dəqiqədə 28 yaşlı Dioqo Jota niderlandlı Qakponun ötürməsini qola çevirib. Cəmi 9 dəqiqə sonra portuqaliyalı Jota dubla imza ataraq hesabı darmadağın həddinə çatdırıb. Ona məhsuldar ötürməni 20 yaşlı müdafiəçi Konor Bredli edib. Əlavə edilmiş 3-cü dəqiqədə uruqvaylı Nunyes də komanda yoldaşı kimi dubl edərək yekun hesabı müəyyənləşdirib – 0:4.

Beləliklə, 21 oyundan sonra “Liverpul” turnir cədvəlində vahid liderdir. Mersisayd təmsilçisinin 48 xalı var. “Qırmızılar”ın ən yaxın təqibçiləri “Mançester Siti” (ehtiyatında bir oyunu var), “Arsenal” və “Aston Villa”dır. Bu komandaların hesabında 43 xal var. “Bornmut” isə bu məğlubiyyətdən sonra 25 xalla 12-ci pillədə qalıb.

İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini 5-ə çatdırıb

44 - Tezliklə