İngiltərə Premyer Liqası: “Çelsi” “Mançester Yunayted” üzərində əzmkar qələbə qazanıb

Futbol
  • 04 aprel, 2024
  • 21:27
İngiltərə Premyer Liqası: “Çelsi” “Mançester Yunayted” üzərində əzmkar qələbə qazanıb

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “Çelsi” “Stemford Bric”də “Mançester Yunayted”i qəbul edib.

“Report” xəbər verir ki, oyunu avstraliyalı hakim Carred Cillett idarə edib.

Oyunda hesab erkən açılıb, 4-cü dəqiqədə Konor Qallaher “mavilər”in ilk qoluna imza atıb. 19-cu dəqiqədə Koul Palmer penaltidən fərqlənərək ev sahiblərinin üstünlüyünü artırıb. Bununla belə, 34-cü dəqiqədə “qırmızı şeytanlar” fərqi azaldıblar: argentinalı Alexandro Qarnaço dəqiq olub. Cəmi dörd dəqiqə sonra Brunu Fernandeş Dioqu Dalotun ötürməsini qolla tamamlayaraq "status-kvo"nu bərpa edib.

67-ci dəqiqədə Qarnaço “Yunayted”i hesabda irəli çıxarıb. Bununla belə, oyundakı əsl drama son dəqiqələrdə başlayıb. Əlavə edilmiş 10-cu dəqiqədə Koul Palmer penaltidən dubla imza atıb, cəmi bir dədiqə sonra isə ingiltərəli futbolçu het-trik edərək “Çelsi”yə qələbə qazandırıb – 4:3.

Qeyd edək ki, “Çelsi” 29 oyundan sonra 43 xalla 10-cu pillədə qərarlaşıb. “Mançester Yunayted” 30 oyundan sonra 48 xalla 6-cı pillədə qalıb. Erik ten Haqın komandasını 57 xala malik “Tottenhem” qabaqlayır. “Qırmızı şeytanlar”ın ən yaxın təqibçisi 45 xalla (31 oyuna) “Vest Hem”dir. Turnir cədvəlinə isə 70 xalla “Liverpul” başçılıq edir.

Son xəbərlər

Bütün Xəbər Lenti