Futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində Londonun “Vest Hem”i eyni şəhərin “Arsenal” komandasını qəbul edib.
“Report” xəbər verir ki, London Stediumda baş tutmuş derbini baş hakim Entoni Teylor idarə edib.
“Topçular” matçın taleyini elə ilk hissədə həll ediblər. İspaniyalı baş məşqçi Mikel Artetanın yetirmələri 10, 27, 34 və 36-cı dəqiqələrdə qola imza ataraq böyük üstünlük qazanıblar – 0:4. Bununla belə, “çəkicvuranlar”ın 38 və 40-cı dəqiqələrdə vurduğu qollar ev sahiblərində geri dönüş ümidi yaratsa da, “Arsenal”ın hücumçusu Bukayo Saka birinci hissəyə əlavə edilmiş vaxtda penaltidən fərqlənərək onların gözləntilərinin üstündən xətt çəkib və yekun hesabı müəyyənləşdirib: “Vest Hem” – 2, “Arsenal” – 5.
Qeyd edək ki, 13 turdan sonra “Vest Hem” (15 xal) 14-cü, “Arsenal” (25) isə ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinin vahid lideri ehtiyatında bir oyunu olan “Liverpul”dur (31 xal).
Xatırladaq ki, dekabrın 1-də “Enfild”də çempionatın favoritləri olan “Liverpul” və “Mançester Siti”nin (23 xal) qarşılaşması baş tutacaq.