İngiltərə Premyer Liqasının XIX turunda “Brentford” “Arsenal”ı qəbul edib.
“Report” xəbər verir ki, “Brentford Kommyuniti” stadionunda baş tutan oyunu baş hakim Piter Benks idarə edib.
Matçda hesabı ev sahibləri açıblar. 13-cü dəqiqədə kamerunlu Brian Mbömo fərqlənib. “Topçular”ın cavabı isə 29-cu dəqiqəyə təsadüf edib. Qabriel Jezus “arılar”ın qapıçısı Mark Flekkeni məyus edərək "status-kvo"nu bərpa edib.
İkinci hissəyə Mikel Artetanın yetirmələri daha fəal başlayıb. 50-ci dəqiqədə Mikel Merino londonluların ikinci qoluna imza atıb. Qonaqların növbəti qolu da özünü çox gözlətməyib. Cəmi üç dəqiqə sonra Qabriel Martinelli komandasının üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib - 3:1.
Beləliklə, 19 turdan sonra 39 xala malik “Arsenal” ikinci pillədə qərarlaşıb. Komandanın ən yaxın təqibçiləri “Nottingem Forest” (37) və “Çelsi”dir (35).
Danimarkalı mütəxəssis Tomas Frankın yetirmələrinin isə 24 xalı var. Məğlubiyyətə baxmayaraq, “arılar” 12-ci pillədəki yerini qoruyub. “Brentford”un ən yaxın təqibçiləri isə “Vest Hem” (23) və “Mançester Yunayted”dir (22).
Turnir cədvəlinin şəriksiz lideri Arne Slotun başçılıq etdiyi “Liverpul”dur (45). Bundan başqa, Mersisayd təmsilçisinin ehtiyatında bir oyun var.