Hər oyuna qələbə istəyi ilə çıxırıq.
"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək Estoniya və Slovakiya ilə oyundan öncə mətbuat konfransında bildirib.
Mütəxəssis komandaya güvəndiyini söyləyib:
"Rəqiblərimizi zəif deyil. Ancaq futbolçularımız həvəslidirlər. Hər iki matçda istəyimizə çatacağımıza inanıram. Komandama güvənirəm. Mentaliteti dəyişmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Gələcək üçün nələri dəyişmək lazım olduğunu bilirik. Bir çox futbolçular özləri haqqında düşünürlər. Ölkədə futbolun inkişafını istəyirksə, fərdilikdən əl çəkməliyik".
O, futbolçuların durumuna toxunub:
"Hazırda zədəli oyunçumuz yoxdur. Təkcə Şahruddin Məhəmmədəliyevin xidmətindən yararlana bilməyəcəyik. Bəhlul Mustafazadənin zədəli olması barədə də müəyyən şübhə var. Tibbi müayinədən sonra durumu bəlli olacaq. Bu səbəbdən heyətə daha bir mərkəz müdafiəçisi dəvət etdim".
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.