2008-2019-cu illərdə “Qəbələ” İdman Klubunun vitse-prezidenti vəzifəsini yerinə yetirən Fariz Nəcəfov 2019-cu ildən bəri klubun prezidenti kimi fəaliyyət göstərir.
Karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş 44 yaşlı funksioner, eyni zamanda, 44 günlük Vətən müharibəsinin də iştirakçısıdır.
Fariz Nəcəfov “Report”a müsahibəsində “Qəbələ” İdman Klubunda görülən işlər, həmçinin, futbol komandasının 2022-2023 mövsümündəki nəticələri barədə danışıb.
- Mövsümün ilk yarısını “Qəbələ” üçün necə dəyərləndirirsiniz?
- Təəssüf ki, Avropa səhnəsini tez bağlamalı olduq. İstərdik ki, Konfrans Liqasında daha çox irəliləyək. Lakin soyuq başla geriyə bir daha dönüb baxdığımız zaman nəticənin imkanlarla mütənasib olduğunu yaxşı başa düşürük. Çempionata gəlincə, ilk dövrədə qənaətbəxş çıxış etdik. Komanda 9 oyundan 15 xal topladı ki, bu da sonda “ilk dördlüy”ə düşə bilməyimiz üçün normal xal ehtiyatı hesab oluna bilərdi. Təəssüf ki, ikinci dövrədə bəzi yersiz xallar itirdik. Xüsusilə də, kubokda “Qarabağ” üzərində qələbədən sonra öz meydançamızda “Turan Tovuz”a qalib gələ bilməməyimizə təəssüfləndim. Belə oyunlarda xal itkisi yolverilməzdir. Ümid edirəm ki, qış fasiləsindən sonra komanda bütün matçlara maksimum köklənə biləcək.
- On səkkiz oyunda 7 qələbə, sizcə, aşağı göstərici deyil?
- Turnir cədvəlinin liderlərilə görüşlərdəki xal itkilərini müəyyən qədər anlamaq mümkündür. Amma istər “Qarabağ”, istər “Sabah”, istərsə də “Neftçi”yə qarşı kifayət qədər gözəl oyun nümayiş etdirmişik. Bəzi qarşılaşmalarda futbolçuların qeyri-dəqiqliyi, bəzilərində isə hakim səhvləri ucbatından məğlub olmuşuq. Qeyd olunan bu görüşləri bir kənara qoysaq, ikinci “beşlik”dəki komandalarla oyunlar bizim üçün çox vacib idi. Birinci dövrədə onlar önündə maksimum xal toplasaq da, ikinci dövrədə 4 heç-heçə qeydə alındı. Təbii ki, bu nəticələrdən razı ola bilmərik.
- Turnir cədvəlinə baxdıqda belə qənaətə gəlmək olar ki, mövsümün qalan hissəsində “Qəbələ” ilə “Zirə” arasında 4-cü yer uğrunda mübarizə gedəcək. Bu fikirlə razısınız?
- Müəyyən qədər razıyam. Bunu turnir cədvəlindəki vəziyyət tələb edir. Lakin çempionatın gedişində çox şeylər dəyişə bilər.
- Azərbaycan Kubokunun 1/4 final mərhələsində turnirin son qalibi “Qarabağ”ı mübarizədən kənarlaşdırdınız. Kuboku qazanmaq şansınızı necə görürsünüz?
- Kuboku qazanmaq o qədər də asan məsələ deyil. Təsadüfi deyil ki, indiyədək 9 dəfə yarımfinala vəsiqə qazansaq da, bunlardan yalnız birini xoşbəxt sonluğa çatdıra bilmişik. Kuboku qazanma yolunun çətin olması bizi daha çox motivasiya edəcək. Azarkeşlərimizin inamı və daim yanımızda olmaları bizim üçün əlavə stimuldur.
- Bəzi stadionlarda hələ də süni örtük var. Komandanın tez-tez təbii örtükdən süniyə keçməsi sizi narahat etmir?
- Narahat etsə də, hazırda başqa yol yoxdur. Bilirəm ki, istər AFFA, istərsə də həmin klublar təbii örtüyə keçməyi çox istəyirlər. Ancaq peşəkarlığa doğru addımların mərhələli şəkildə atılmalı olduğuna inanıram. Söz yox ki, matçların süni meydançada oynanılması həm idman prinsiplərinə, həm də Premyer Liqanın imicinə mənfi təsir göstərir.
- Artıq qış fasiləsi yaranıb. Transfer fəaliyyətiniz necə olacaq?
- Sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik. Təbii ki, büdcəmiz imkan verərsə. Hazırda bir qədər çətin görünür.
- Bəzi futbolçularınızın adı Premyer Liqanın digər klubları, həmçinin xarici klublarla birgə hallanır. Təklif olarsa, oyunçu satmağa necə yanaşacaqsınız?
- Heç bir futbolçumuzla yollarımızı ayırmaq fikrində deyilik. Amma bəzilərinin müqavilələrində satışa dair bəndlər var. Əgər qeyd olunan çərçivədə təkliflər olsa, heç kimi məcburən saxlaya bilmərik.
- Komandanızın 18 görüşdə 20 qol vurması hücum xəttinin “dişsiz”liyini göstərir. Hücumu gücləndirmək yönündə işlər aparılacaq?
- Komandanın “dişsiz” olduğunu deməzdim. Əsas məqam qol vəziyyətlərinin yaradılmasındadır ki, bu göstəricidə liderlərdən biri olduğumuza inanıram. Bu yanaşma ilə davam edəcəyimiz halda qolların davam edəcəyi də aşkardır. Hücum xəttinin gücləndirilməsi ilə bağlı suala da bir qədər əvvəl cavab verdim.
- Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov “Report”a müsahibəsi zamanı Azərbaycan Superkubokunun bərpa oluna biləcəyini söyləyib. Sizin buna reaksiyanız necədir?
- Heç kimə sirr deyil ki, Superkubok oyunu sıradan futbol matçı deyil. Bu görüş yaxşı azarkeş toplamalı, ətrafında marketinq işləri görülməlidir. PFL-in bu sahədəki təcrübəsi imkan verir ki, yaxşı Superkubok oyunu təşkil etsin. Ümid edirəm ki, bu matçda finala layiq olanlar iştirak edərlər.
- Futbol Akademiyasında işlər nə yerdədir?
- Mövsümün əvvəlində də akademiya üçün maliyyə çatışmazlıqlarının olduğunu qeyd etmişdik. Gedişatda nisbətən düzəlmə olmasına baxmayaraq, hələ də kəsirlərimiz var. Belə vəziyyətdə tam qaneedici işdən danışmaq mümkün deyil. Əlimizdə olan imkanlar, kollektivin uzun müddət bizimlə birlikdə çalışması, yaxşı təcrübə toplaması xeyrimizə olan məqamlardır. Lakin günün reallıqları da var. İstər məişət səviyyəsində, istərsə də təlim və tədris işlərində indikindən daha keyfiyyətli işlər görmək mümkündür.
- Yetərli maliyyə imkanının olmaması futbolçu yetişdirməkdə problem yaratmır?
- Bu mövzuda uzun-uzadı danışmaq lazımdır. Qısaca qeyd edim ki, hazırda ciddi iş görmək üçün mütənasib maliyyə tələb olunur. Dövr dəyişir, idmanda tətbiq olunan metodlar, texnologiya yenilənir. Kollektivi inkişaf etdirmək üçün seminarlar, futbolçuları inkişaf etdirmək üçün keyfiyyətli məşq, beynəlxalq yarışlar, peşəkar tibbi, sosial və psixoloji dəstək tələb olunur. Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq. Belə vəziyyətdə isə yalnız ölkə səviyyəsində futbolçular üzə çıxarmaq mümkündür. Lakin xüsusi səylərimiz nəticəsində yaxın vaxtlarda ölkə futboluna yeni adlar qazandıracağımıza heç şübhəm yoxdur. İş hər zaman yalnız maliyyədən asılı olmur.
- “Qəbələ” İdman Klubunda digər idman növləri də fəaliyyət göstərir. Bu sahədə görülən işlər ürəyinizcədir?
- Gələn il digər idman növləri üzrə bölmələrimizin fəaliyyətə başlaması və futbol klubu statusundan idman klubu statusuna keçməyimizin 10 ili tamam olur. İdman sahəsində uğur qazanmaq üçün 10 il qısa müddət olsa da, artıq xeyli gözəl nəticələr var. Qəbələdə cüdo, boks, MMA, yunan-Roma və sərbəst güləş bölmələrimizdə 250 ətrafında yeniyetmə idmanla məşğul olur. Futbolu da əlavə etsək, klubun nəzdindəki idmançı sayı 500 nəfəri keçir ki, bu da Qəbələ şəhərində kifayət qədər yüksək saydır. İdmanın inkişafında kütləviliyin nə qədər vacib olduğunun fərqindəyik. Bununla belə, kütləvilik sonda nəticə gətirməlidir ki, yeniyetmələr üçün yaxşı stimul olsun. Cüdo üzrə Avropa Kubokunun, Avropa Olimpiya Festivalının mükafatçısı, beynəlxalq turnirlərin, Respublika çempionatlarının qalibləri və mükafatçıları, digər növlər üzrə ölkə səviyyəli yarışlarda fərqlənən idmançılarımız kifayət qədərdir. Onlarla yanaşı, klubumuzu təmsil edən peşəkar idmançılarımız da var. Bu məsələdə kəmiyyətə yox, keyfiyyətə baxırıq. Rafael Ağayev, Nəriman Abbasov, Alim Nəbiyev kimi idmançılarımızın nəticələrini sadalamağa ehtiyac duymuram. Bir sözlə, hesab edirəm ki, klubumuz imkanlar daxilində həm futbol, həm də digər idman növlərində maksimum faydalı olmağın öhdəsindən gəlir.