"Hayasa" komandası ilə 2021-ci ilin yayınadək müqaviləm var idi. Amma daha oraya qayıtmayacağam. Klubun prezidenti mənə qarşı düzgün hərəkət etmədi. Futbol dili ilə desək, məni aldatdı".
"Report"un məlumatına görə, bu fikirləri Qazaxıstanın qadınlardan ibarət yığmasının oyunçusu İrina Sandalova ölkəsinin "sports.kz" saytına müsahibəsində Ermənistanın "Hayasa" klubundan ayrılmasının səbəbləri barədə danışarkən deyib.
29 yaşlı qapıçı bildirib ki, komanda ilə vidalaşmasında ermənilərin İkinci Qarabağ müharibəsində Azərbaycana məğlubiyyəti də rol oynayıb: "Bundan sonra ölkədə iğtişaşlar başladı. Orada qalmaq riskli idi, hər kəs öz təhlükəsizliyinə görə narahatlıq keçirirdi. Klubun prezidenti noyabrın 10-da legionerləri bir araya toplayıb, evə göndərəcəyini bildirdi".
Sandalovanın sözlərinə görə, klub prezidenti verdiyi sözə əməl etməyib: "Noyabrın 24-də Qazaxıstan millisindən dəvət gəldi. O istəyirdi ki, federasiya mənə bilet alsın. Mən isə izah etdim ki, hələ tezdir və 2 həftə öncədən bilet almayacaqlar. Klub prezidenti vədinə əməl etmədi. Məndən başqa, bütün legionerlərə bilet aldı. Daha sonra onunla söhbətimiz oldu. Verdiyi sözü ona xatırlatmağım xoşuna gəlməmişdi. Mənə 2 həftə gözləməyi məsləhət gördü. Təbii ki, qanım qaraldı".
Təcrübəli qolkiper noyabrın 12-dəki oyundan sonra komandadan kənarlaşdırıldığını söyləyib: "Hər fürsətdə məndən narazılığını bildirirdi. Məni Ermənistandan pulsuz, zədəli halda məcburi məzuniyyətə göndərdilər. Bundan sonra heç kimə bu klubda oynamağı məsləhət görməzdim".