AFFA İsveç – Azərbaycan matçındakı mümkün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA İsveç – Azərbaycan matçındakı mümkün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək Bu barədə “Report”a İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib
Futbol
24 Fevral , 2023 14:46
AFFA İsveç – Azərbaycan matçındakı mümkün erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA milli komandanın səfərdə İsveç yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununda mümkün erməni təxribatı ilə bağlı UEFA-ya və yerli federasiyaya müraciət edəcək. 

Bu barədə "Report"a milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla açıqlamasında bildirib. 

O, yığmanın istənilən səfər qarşılaşmasından əvvəl matçın keçiriləcəyi ölkədəki səfirliyə və ehtiyac yarandığı təqdirdə beynəlxalq quruma, həmçinin yerli futbol federasiyasına məktubla müraciət etdiklərini diqqətə çatdırıb: "Belə informasiya çıxıbsa, təbii ki, UEFA-ya və İsveç Futbol Federasiyasına bununla bağlı məlumat veriləcək".

12:41

İsveçdəki erməni icmasının üzvləri martın 27-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin Stokholm şəhərində keçiriləcək İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar.

Bu barədə “Report”a İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.

Diaspor rəhbəri qeyd edib ki, bununla bağlı hazırda İsveçin hüquq-mühafizə orqanlarında işləyən, eyni zamanda Konqresin üzvləri olan dostları xəbərdarlıq ediblər: “Bizə məlumat verdilər ki, Azərbaycanla oyuna bilet alıb təxribat törətmək, orada siyasi məsələləri qabartmaq istəyirlər. Bunların arasında azərbaycanlı ekofəalların Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirdikləri etiraz aksiyasını hədəf alan şüarlar da var. Həmçinin sosial şəbəkələrdə də yazırlar ki, ermənilər oyun üçün 100 bilet alıb İsveç və “Artsax” bayraqları ilə stadiona gəlmək, üzərində “Laçın yolu açılsın” yazılmış banner açmaq istəyirlər”.

Emil Mirzəyev vurğulayıb ki, artıq məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlayıblar: “Səfirimiz – cənab Zaur Əhmədov başda olmaqla, bu məsələni qaldırdıq. İsveç qanunlarına görə, futbolda heç bir siyasi lozunq ola bilməz. Bizim azarkeşlərimiz üçün ayrılmış sektora başqa ölkənin vətəndaşları bilet ala bilməzlər. İstəyirik ki, hüquq-mühafizə orqanları məsələni diqqətdə saxlasınlar. Həmçinin oyuna bir neçə gün qalmış İsveç Futbol Federasiyasında bu məsələni qaldırmaq istəyirik. Bilirsiniz ki, “Sabah”ın idman direktoru İqor Ponomaryov İsveçdə yaşayır. Onunla da danışmışıq. Ponomaryov mümkün təxribat barədə AFFA-ya məlumat verib ki, təhlükəsizlik məsələlərinə ciddi yanaşsınlar”.

O bildirib ki, İsveç Azərbaycanlıları Konqresi olaraq sözügedən oyuna ciddi hazırlaşırlar: “Səfirimizin dəstəyi ilə görüşə maksimum dərəcədə çox insan cəlb etməyə çalışırıq. Ona görə də 115-ci, 116-cı, 117-ci və 118-ci sektorları azərbaycanlı azarkeşlərlə dolduracağıq. Hamımız doğma komandamıza bayraqlarla dəstək olacağıq. İsveçin bir çox şəhərlərində nümayəndələrimiz, dərnəklərimiz var. Konqres üzvləri, dərnək sədrləri öz adamları ilə paytaxta gələcəklər”.

Emil Mirzəyev xatırladıb ki, bu, ermənilərin ilk belə təxribat cəhdi deyil: “2016-cı ildə Aprel döyüşləri olanda burada erməni diasporu ilə toqquşmamız oldu. Etiraz mitinqləri, maşın yürüşü təşkil etmişdik. Ermənilər də yolu bağlamışdılar. Bəzi soydaşlarımızın maşınlarını sındırmışdılar”.

Qeyd edək ki, martın 27-də Stokholmun Solna bölgəsindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi