Emin Mahmudov: "Bəzi məqamlarda keyfiyyət və soyuqqanlılıq çatmır"

Emin Mahmudov: "Bəzi məqamlarda keyfiyyət və soyuqqanlılıq çatmır" "Oyun baxımından milli və klub arasında müəyyən fərqlər var".
Futbol
9 Oktyabr , 2021 15:38
Emin Mahmudov: Bəzi məqamlarda keyfiyyət və soyuqqanlılıq çatmır
Emin Mahmudov

"Oyun baxımından milli və klub arasında müəyyən fərqlər var".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Emin Mahmudov yığma və klubdakı oyununu müqayisə edərkən deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, flaqmanın heyətində daha çox irəlidə oynayır: "Yığmada isə oyun qurucusu kimi çıxış edirəm. Qrupumuzdakı komandalar daha çox təzyiq edirlər deyə, məcbur olub oyunumuzu müdafiədən qururuq. İstər-istəməz bu da çıxışıma təsir göstərir".

Təcrübəli oyunçu Dublində İrlandiya millisi ilə 1:1 hesablı heç-heçə etdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda uzaq məsafədən vurduğu baxımlı qolu da xatırlayıb: "Qol zamanı zərbə endirməyə fürsət axtarırdım. İki dəfə cəhd etmək istədim, müdafiəçilər imkan vermədi. Növbəti cəhdimdə kiçik bir “dəhliz” açıldı və vurdum, qol oldu. Amma etiraf edim ki, topu qəbul edərkən artıq zərbə vuracağımı beynimdə qətiləşdirmişdim. Millidə qol vurmaq möhtəşəm hissdir. Çünki bütün ölkə səni izləyir, azarkeşlər qol, yaxşı nəticə gözləyirlər".

Mahmudov vurduğu qolların yekun nəticədə komandasına kömək etməməsinə görə təəssüfünü gizlətməyib: "Türkiyə, Lüksemburq, Serbiya ilə matçlarda fərqləndim, amma məğlub olduq. Vurduğum qollar qələbə qazandırsaydı, daha yaxşı olardı. Lüksemburq yığmasına cərimə zərbəsindən vurduğum qolu ən yaxşı hesab edirəm. Düzdür, Türkiyə millisi ilə matçdakı qolum da baxımlı alınmışdı, amma ən yaxşısı Lüksemburqda vurduğum qoldur".

Futbolçu 19-20 yaşlarında məşqlərdə cərimə zərbələri üzərində çox çalışdığını qeyd edib: "İndi isə demək olar ki, əlavə məşq etmirəm. Sadəcə, imkan olanda hər hansı sədd olmadan, topu hiss etmək üçün vururam. Penaltini yerinə yetirmək isə daha çox psixoloji vəziyyətlə əlaqəlidir. İndiyədək bütün rəsmi oyunlarda zərbələrim dəqiq olub. Bu daha çox qapıçı ilə penalti vuran arasındakı psixoloji mübarizədir. Kim daha hazırlıqlı olursa, o da uğur qazanır".

Mahmudov millinin çox qol vura bilməməsini müdafiədən oynamaları ilə əlaqələndirib: "Buna görə çox qol imkanı yarada bilmirik. Oyun ərzində ələ düşən imkanlardan maksimum istifadə etməliyik. Bəzi məqamlarda keyfiyyət, bəzi anlarda isə soyuqqanlılıq çatmır. Təbii ki, biz də istəyirik daha çox irəlidə olaq, hücum futbolu oynayaq. Sadəcə, rəqiblərin güclü olması bizi məcbur edir ki, oyunu müdafiədən quraq"

Futbolçu sonda bu gün Bakıda İrlandiya yığmasına qarşı keçirəcəkləri seçmə mərhələ görüşünə də toxunub: "Bilirik ki, hamı yığmadan qələbə gözləyir. Biz də qalib gəlmək, onlara sevinc bəxş etmək üçün meydana çıxacağıq. Azarkeşləri başa düşürük, amma inanın, nəticə olmayanda, xüsusilə uduzanda hər birimiz çox məyus oluruq. Portuqaliya millisi ilə oyunda bizə çox böyük dəstək verdilər. İrlandiya yığması ilə qarşılaşmada da eyni dərəcədə dəstək olmalarını xahiş edirik".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi