FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Almaniyaya səfər edib.
"Report" ali futbol qurumunun saytına istinadən xəbər verir ki, Məmmədov FIFA prezidenti Canni İnfantinonun rəhbərlik etdiyi nümayəndə heyətində yer alıb.
İnfantino bir hissəsi "FIFA Forward" Proqramı tərəfindən maliyyələşən Almaniya Futbol Assosiasiyasının (DFB) Düşərgəsinə baş çəkib. FIFA prezidenti və AFFA-nın vitse-prezidentini sabiq Bundesliqa oyunçuları - fransalı Yuri Corkaeff ("Kayzerslautern") və isveçrəli Paskal Tsuberbühler ("Bayer") müşayiət edib. Onları DFB prezidenti Bernd Noyendorf və baş katib Hayke Ulrix, Almaniyanın milli komandalar və akademiya üzrə icraçı direktoru Oliver Birhoff qarşılayıb.
Səfər əsnasında Almaniya millisinin baş məşqçisi Hansi Fliklə də görüş olub.
Qeyd edək ki, Frankfurtda 15 hektar ərazidə yerləşən kampusun rəsmi açılışı iyulda olub. Kompleksdə ot örtüyü, məşq meydançaları, həmçinin süni meydançalı qapalı futbol zalı, idmançılar mərkəzi, konfrans, seminar otaqları və futzal zalı var. DFB-nin hesablamalarına görə, bu layihə çərçivəsində 700-dən çox yeni iş yeri yaradılıb.