Eddi İsrafilov: "Azərbaycan millisinin formasını geyinəcəyim günü səbirsizliklə gözləyirəm"

Eddi İsrafilov: "Azərbaycan millisinin formasını geyinəcəyim günü səbirsizliklə gözləyirəm" Azarkeşlərin və baş məşqçinin mənə olan ümidini doğrultmağa çalışacağam
Futbol
2 Fevral , 2015 15:42
Eddi İsrafilov: Azərbaycan millisinin formasını geyinəcəyim günü səbirsizliklə gözləyirəm

Bakı. 2 fevral. REPORT.AZ/ "Çox sevinirəm ki, yenidən vətənimə qayıtmışam. Sonuncu dəfə 12 yaşımda Azərbaycanda olduğumdan ölkə futbolu barədə elə geniş məlumatım yox idi. Amma ötən illərlə müqayisədə Bakı çox dəyişib, gözəlləşib. Məni və ailəmi yüksək səviyyədə qarşıladığınıza, qəbul etdiyinizə görə təşəkkür edirəm". 

"Report"un məlumatına görə, bunu Bakıda olan Azərbaycan milli komandasının üzvü və İspaniyanın "Qranada" klubunun futbolçusu Eddi İsrafilov "affa.az"a müsahibəsində deyib. 

Onun sözlərinə görə, təxminan ilyarım əvvəl AFFA rəsmiləri əvvəlcə anası İradə İsrafilova, sonra özü ilə danışıblar. O, dəvəti sevinclə qarşıladığını söyləyib: "Əlbəttə, mən çox sevindim. Çox şad oldum ki, məni milli komandada oynamağa dəvət edirlər. Gördüyünüz kimi, artıq Azərbaycandayam".

22 yaşlı hücumçu bildirib ki, təklif aldıqdan sonra ölkə futbolu barədə internet vasitəsilə informasiya toplayıb, bir çox oyunların epizodlarına baxıb, Azərbaycan çempionatı haqda məlumat əldə edib: "Əlbəttə, qarşıdakı günlərdə daha çox məlumatım olacaq".

E.İsrafilov Azərbaycan milli komandasının uğurlu çıxışı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. Milli komandanın baş məşqçisi Robert Prosineçki ilə yaxşı münasibətdə olduğunu deyən hücumçu "Bir-birimizi yaxşı başa düşəcəyik. Azarkeşlərin və baş məşqçinin mənə olan ümidini doğrultmağa çalışacağam. Milli komandanın formasını geyinəcəyim günü səbirsizliklə gözləyirəm" söyləyib.

Hücumçu "Qranada"nın son oyunlarında meydana çıxmamasını zədəsi ilə əlaqələndirib. O, artıq sağaldığını və komanda ilə birgə məşqlərə başladığını bildirib: "Baş məşqçi şans verəcəyi təqdirdə növbəti qarşılaşmada oynaya biləcəyəm. Özümü hazır hiss edirəm".

Son xəbərlər

Orphus sistemi