Cənubi Koreyanın “Seul” klubunda çıxış edən Cessi Linqardın lisenziyasız elektrikli skuter sürməsi ilə bağlı araşdırmalara başlanılıb.
"Report" "n.news.naver.com"a istinadən xəbər verir ki, hadisə bazar ertəsi, yerli vaxtla təxminən 22:00 radələrində yaşanıb.
31 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə elektrikli skuterlə getməsi barədə paylaşım etsə də, tezliklə onu silib. Cənubi Koreya polisi hazırda futbolçunun sərxoş, həmçinin beynəlxalq sürücülük vəsiqəsinin olub-olmadığını yoxlayır.
2021-ci ildən etibarən Cənubi Koreyada elektrikli skuterləri idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur.
Qeyd edək ki, "Mançester Yunayted"in sabiq futbolçusu 2023-cü ilin yayında Böyük Britaniyada sürət həddini aşdığına və sərxoş halda avtomobil idarə etdiyinə görə bir il yarım sürücülük hüququndan məhrum edilib.