UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
"Report"un məlumatına görə, son olaraq, İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları növbəti raunda vəsiqə qazanıblar.
1/4 finalda "kral klubu" evdə qalib gəldiyi İngiltərə "Liverpul"u ilə səfərdə qolsuz heç-heçə edərək, adını yarımfinala yazdırıb.
"Şəhərlilər" isə Mançesterdə 2:1 hesabı ilə məğlub etdiyi Almaniya "Borussiya"sına Dortmundda da eyni aqibəti yaşadıb. Halbuki matçda ilk qolu meydan sahibləri vurublar. 15-ci dəqiqədə 18 yaşlı ingiltərəli yarımmüdafiəçi Cud Bellingem həmyerlilərinin qapısına yol tapıb. Birinci hissə "Borussiya"nın minimal hesablı üstünlüyü ilə başa çatıb.
İkinci yarıya daha yaxşı başlayan qonaqlar 55-ci dəqiqədə Riyad Mahrezin penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 75-ci dəqiqədə isə Fil Foden komandasına qələbə qazandıran qolun müəllifi olub.
UEFA Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar: Cud Bellingem, 15 - Riyad Mahrez, 55 (penalti), Fil Foden, 75
İlk oyun - 1:2
23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0
İlk oyun - 1:3
Qeyd edək ki, "Mançester Siti" yarımfinalda Fransa PSJ-si, "Real Madrid" isə İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.
Final oyunu isə mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.