UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki oyunu başa çatıb.
"Report"un məlumatına görə, hər iki qarşılaşmada qonaq komandalar qalib gəliblər.
Fransa PSJ-si Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə məğlub edib. Matça fəal başlayan Paris klubu 3-cü dəqiqədə Kilian Mbappenin vurduğu erkən qolla hesabı açıb. 28-ci dəqiqədə meydan sahibləri 2-ci topu qapılarında görüblər. Bu dəfə Markinyos fərqlənib. 37-ci dəqiqədə Erik Şupo-Motinq fərqi azaldıb və komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarının əvvəlində "Bavariya" tarazlığı bərpa edib. 51-ci dəqiqədə Tomas Müller rəqibi cəzalandırıb. Lakin 68-ci dəqiqədə dubl edən Mbappe PSJ-ni yenidən önə keçirib. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.
Gecənin digər oyununda isə İngiltərənin "Çelsi" klubu pandemiya səbəbindən İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda baş tutan qarşılaşmada Portuqaliya "Portu"suna 2:0 hesabı ilə qalib gəlib. Qolları 32-ci dəqiqədə Meyson Maunt, 85-ci dəqiqədə isə Bencamin Çilvell vurublar.
Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də gerçəkləşəcək.
Çempionlar Liqası, 1/4 final
İlk oyunlar
23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) - 2:3
Qollar: Erik Şupo-Motinq, 37, Tomas Müller, 60 - Kilian Mbappe, 3; 68, Markinyos, 28
23:00. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 0:2
Qollar: Meyson Maunt, 32, Bencamin Çilvell, 85
Qeyd edək ki, ilk oyun günündə keçirilən matçlarda İngiltərə klublarından "Liverpul" İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzub, "Mançester Siti" isə evdə Almaniyanın "Borussiya" (Dortmund) klubuna qalib gəlib - 2:1.