Cavid Hüseynov: "Yerli futbolçularla yaxşı mübarizə aparıla biləcəyini göstərdik" - MÜSAHİBƏ

Cavid Hüseynov: "Yerli futbolçularla yaxşı mübarizə aparıla biləcəyini göstərdik" - MÜSAHİBƏ Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov peşəkar karyerasına 2005-ci ildə "Turan"da başlayıb.
Futbol
9 Fevral , 2023 14:00
Cavid Hüseynov: Yerli futbolçularla yaxşı mübarizə aparıla biləcəyini göstərdik - MÜSAHİBƏ
Cavid Hüseynov

Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov peşəkar karyerasına 2005-ci ildə "Turan"da başlayıb.

Ölkədə "Neftçi", "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Zirə" kimi klubların formasını geyinən keçmiş yarımmüdafiəçi 2012/2013 mövsümündə Türkiyədə "Adana Demirspor"un uğurları üçün çalışıb.

Hazırda "Şamaxı"da məşqçi kimi fəaliyyət göstərən 35 yaşlı mütəxəssis komandanın Premyer Liqadakı çıxışı barədə "Report"a müsahibə verib.

- "Şamaxı"nın 21 turdan sonrakı nəticəsini necə dəyərləndirirsiniz?
- Bu müddət ərzindəki fəaliyyəti qənaətbəxş hesab etmək olar. Hərçənd, daha yaxşı ola bilərdi. Amma əsas məqsədimiz inkişafdır. Gənc futbolçuların oyundan-oyuna inkişafını görürük. Bu da bizi sevindirir.

- Mövsümə hansı hədəflə başlamışdınız. İndi hədəfiniz nədir?
- Yeni yığılmış, gənc və yerli oyunçulardan ibarət kollektivin hədəfi təbii ki, avrokuboklar uğrunda mübarizə deyil. Əsas məqsədimiz öz strategiyamıza uyğun futbolçuları inkişaf etdirmək və Premyer Liqada qalmaqdır. Hazırda da hədəf dəyişməyib. İnkişaf edə-edə turnir cədvəlində daha üst pillələrə qalxmaq istəyirik.

- Sırf yerlilərlə mübarizə aparmaq işinizi çətinləşdirir?
- Öz strategiyamıza uyğun olaraq yerlilərlə çıxış edirik. Göstərdik ki, yerli oyunçularla da yaxşı mübarizə aparmaq olar. Düzdür, işimizin çoxluğu göz önündədir, həm meydanda istədiyimiz oyunu görmək üçün, həm də futbolçuların inkişafı üçün daha çox çalışmalıyıq.

- Növbəti mövsüm Premyer Liqada qalsanız, strategiya dəyişəcək?
- Bu barədə hələ ki, rəhbərliklə söhbətimiz olmayıb. Düzdür, ilkin danışıqlar gerçəkləşib. Bu, birinci mərhələ idi. Mövsüm bitəndən sonra yekun söhbətimiz olacaq.

- Şamaxıdakı hava ilə əlaqədar Bakıya gəlməyi planlaşdırırsınız. Bu, nə vaxtadək davam edəcək və məşqlər hansı stadionda olacaq?
- Növbəti iki matçımızı Sumqayıt və Gəncədə keçirəcəyik. "Turan Tovuz"la görüşdən əvvəl də Şamaxıda yağan qara görə meydançada cəmi bir məşq keçmişdik. Həm bunu, həm də qarşılaşmalar arasında günlərin sayının azlığını nəzərə alaraq hazırlığımız Bakıda davam edəcək. Məşqlər "Dalğa Arena"da keçiriləcək.

- Şamaxıdakı oyunların işıqlandırma sisteminə görə günorta saatlarına salınması sizə çətinlik yaradırmı?
- Əlbəttə. Matçların günorta saatlarında və ya həftəiçi olması azarkeşlər baxımından təsir edir. Çoxları işdə olduğu üçün gələ bilmir. Futbol baxımından da saat 2-də oynamaq yaxşı hal deyil. Bu da oyunumuza təsir göstərir.

- Vüqar Əsgərli və sizin çempionatda ilk təcrübənizdir. Növbəti mövsüm daha iddialı komanda formalaşdırmağı qarşınıza məqsəd qoymusunuz?
- Düşünürük ki, gələcəkdə daha uğurlu işlər görə və hansısa hədəflər uğrunda mübarizə apara bilərik. Amma bu həm də klubun strategiyası və maliyyə şərtlərindən asılıdır. Ümid edirik ki, növbəti mövsüm daha iddialı kollektiv formalaşdıracağıq.

- "Şamaxı"da rəsmən baş məşqçi postuna təyinat kimi planınız varmı?
- Hazırda B kateqoriyalı məşqçilik lisenziyasına sahibəm. Bu, indinin mövzusu deyil.

- Premyer Liqanın XXI turunda evdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzdunuz. Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Bu qarşılaşmanı götürsək, məğlubiyyətlə razılaşmıram. Matçın ədalətli nəticəsi heç-heçə idi. Bizim də qol vurmaq üçün şanslarımız oldu. Rəqib standart vəziyyətdən fərqlənərək qələbə qazandı. Amma bu görüş bizə təsir etməməlidir. Qarşıda hələ çox oyunumuz var, fikirlərimizi həmin matçlara yönəltməliyik.

- Növbəti turda "Sumqayıt"ın qonağı olacaqsınız. Səfərdə hansı nəticəyə ümid edirsiniz?
- Qarşılaşmadan əvvəl nəticə haqqında danışmaq düzgün olmaz. Yaxşı oyun göstərərək nəticə qazanmağa çalışacağıq. Bu iki maraqlı komandanın görüşü olacaq. Azarkeşlər sürətli matça şahidlik edəcəklər.

Son xəbərlər

Orphus sistemi