Budaq Nəsirov: Dörd il futboldan uzaq qalmağım mənə neqativ enerji verdi - MÜSAHİBƏ

Budaq Nəsirov: Dörd il futboldan uzaq qalmağım mənə neqativ enerji verdi - MÜSAHİBƏ Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov “Report”a müsahibə verib. 27 yaşlı yarımmüdafiəçi müsahibəsində hazırkı durumundan, gələcək planlarından danışıb.
Futbol
5 İyul , 2024 12:39
Budaq Nəsirov: Dörd il futboldan uzaq qalmağım mənə neqativ enerji verdi - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov “Report”a müsahibə verib. Vaxtilə Portuqaliyanın ən güclü klublarından sayılan "Sportinq"in B komandasında çıxış edən 27 yaşlı yarımmüdafiəçi Azərbaycanın perspektiv vəd edən futbolçularından sayılırdı. Tovuz futbolunun yetirməsi olan B.Nəsirov Portuqaliya klubuna getdikdən sonra azərbaycanlı futbolsevərlərdə böyük ümidlər yaratsa da, karyerasının sonrakı bölümü yüksələn xətt üzrə inkişaf etmədi. 4 il futboldan uzaq qalan yarımmüdafiəçi hətta bir müddət minifutbolda da top qovdu. Sonradan "Turan Tovuz"a keçdi, ardından I Liqa təmsilçisi "Karvan"la müqavilə bağladı. Yevlax klubu ilə müqavilə müddəti bitən B.Nəsirov hazırda yeni komanda axtarışındadır.

- Karyeranızla bağlı son durum necədir?

- I Liqa klubu "Karvan”la 4 aylıq müqavilə bağlamışdım. Anlaşmanın müddəti bitdi və ayrıldım. Hazırda Tovuzdayam, nə xaricdən, nə də Azərbaycandan təkliflər var. Son ana qədər təklif gözləyəcəyəm.

- Fiziki durumunuz hansı səviyyədədir? Məşq edirsiniz?

- Məşq edirəm. Arada minifutbol da oynayırdım. Bəzən səhərlər qaçıram. Həvəsim də çox qalmayıb. Yaş da o yaş deyil ki, futbola yenidən həvəslə qayıdasan. Bunun üçün insanın ən azı son illərdə və ya aylarda futbolla bağlı xoş xatirələri olmalıdır. Bu olmadığına görə özümdə çöküşlər hiss edirəm. Təklif olsa, 90 faiz oynamağa hazıram. Daha sonra məşqlər vasitəsilə formamı tam şəkildə bərpa edə bilərəm.

- Karyeranızdakı çöküşün səbəbini nə ilə əlaqələndirirsiniz?

- Pozitiv olmamağımın səbəbi budur ki, 6 ay “Turan Tovuz” klubunun heyətində Premyer Liqada, daha sonra “Karvan”da yaxşı oyunumla fərqlənmədim. Ən çox təsir edən bu oldu. Hansısa komanda səni dəvət edəndə, keçmişinə baxır. Bütün bunlardan əvvəl təxminən 4 il futboldan uzaq qaldım. Elə bilirdim az müddətdir. Ancaq bu mənə pozitiv deyil, neqativ enerji verdi.

- Özünüzə niyə bu dərəcədə inamınız yoxdur?

- "Özümə əminlik yoxdur" deməyim. Sadəcə, narahat oluram ki, hansı klub mənə bu vəziyyətdə təklif göndərəcək? Hamı hazır futbolçu axtarır. Hazırda elə durumdayam ki, yalnız gələcəyimi görən, mənə inanan insanlar təklif göndərə bilər. Məhz bu barədə əminlik yoxdur. Ümumiyyətlə, başqa variantlarım da yoxdur. Əlbəttə, hansısa klubdan təklif gəlsə, dəyərləndiəcəyəm.

- Minifutbol və ya futzala qayıtmağınız mümkündür?

- Yalnız böyük futboldan təklif gəlsə, dəyərləndirmək barədə düşünərəm. Minifutbolda, futzalda oynamaq istəmirəm.

- Bəs təklif gəlməyəcəyi təqdirdə nə edəcəksiniz? Özünüzü hansısa klubda məşqçi kimi görürsünüz?

- Təklif olmasa, həyatıma necə davam edəcəyim barədə fikirləşəcəm. Lakin baş məşqçi ola bilmərəm. Özümü futbolda məşqçi kimi görmürəm. Məşqçi olacağıma əmin deyiləm. Həm də ki, bu sahədə çalışmağa həvəs yoxdur. 20-30 nəfərlik kollektivə məşqçilik etmək üçün enerjim yoxdur. Bəlkə köməkçi məşqçi ola bilərəm. Hazırda məşqçilik barədə düşünmürəm.

- Yenidən ölkə xaricində oynamaq şansınız ola bilər, yoxsa ümumiyyətlə bu barədə düşünmürsünüz?

- Hansısa menecerlə son 7 ildə ölkə xaricinə getməmişəm. Ölkə xarici deyəndə, Türkiyə Superliqasına, ən azı I Liqasına getməlisən. Bu da qeyri-mümkündür. Son klubum “Karvan” olub. Azərbaycanın II Liqası Türkiyənin I Lqiasından qat-qat aşağı səviyyədədir. Ən yaxşı oyunumu göstərsəm belə, məncə, Türkiyəyə getməyim çətin ki, mümkün olar. Menecerlərə gülməli gələr. Ölkə xaricinə ancaq baxışa gedə bilərəm. Yəni, hansısa klubdan məni yoxlamaları barədə xahiş edə bilərəm. Bunu da etməyi fikirləşmirəm.

Son xəbərlər

Orphus sistemi