Belçika millisinin qapıçısı: "Azərbaycanla oyunda meydana çıxa bilərəm"

Futbol
  • 06 sentyabr, 2023
  • 06:06
Belçika millisinin qapıçısı: Azərbaycanla oyunda meydana çıxa bilərəm

"Düşünürəm ki, Azərbaycan və Estoniyaya qarşı matçlarda meydana çıxa bilərəm".

"Report" xəbər verir ki, bunu Belçika millisinin qapıçısı Kun Kastels AVRO-2024-ün seçmə mərhələ oyunları ilə bağlı "Het Nieuwsblad" nəşrinə açıqlamasında deyib.

Yığmanın əsas üzvü Tibo Kurtuanın əvəzinə komandaya cəlb olunan 31 yaşlı qolkiper həmkarının zədələnməsi ilə bağlı danışıb: "Aylarla kənarda oturmağın nə olduğunu bilirəm. Belə olan halda bütün mövsüm dumanlar içində qalır".

Almaniyanın “Volfsburq” klubunun oyunçusu millinin baş məşqçisi Domeniko Tedesko haqqında da fikirlərini bölüşüb: "O, Bundesliqada işlədiyi üçün məni Roberto Martinesdən daha yaxşı tanıyır".

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan yığmasının qonağı olacaq Belçika kollektivi üç gün sonra Estoniyanı qəbul edəcək.