Oyunçularımız güclüdür. "Qarabağ"la matçlarda güclü olan tərəf bizik.
“Report”un məlumatına görə, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Robert Andrix “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
"Qrup mərhələsində asan oyun olmadı və indi də asan olacağını düşünmürük. Gözəl kollektivdirlər və sabah matçın çətin keçəcəyini gözləyirik. Bizim əvvəlki oyunlarımızdan da görünür ki, heyət "Qarabağ"la matça hazırdır. Heyətdə yer alanlardan heç kim pis performans göstərməyib", - deyə 29 yaşlı yarımmüdafiəçi bildirib.
Robert Andrix Azərbaycan çempionuna qarşı ciddi hazırlaşdıqlarını söyləyib: "İlk görüşü səfərdə keçirmək bizim üçün çox vacibdir. Cavab matçının Almaniyada olması da bizim üçün böyük şansdır. Komandamız çox inkişaf edib. Hər oyuna hazırlıqlı çıxırıq. Qarşımıza qoyulan tapşırıqları maksimum yerinə yetirməyə çalışırıq. Rəqib topla yaxşı oynamağı bacarır. Olduqca ağıllı futbol oynayırlar. "Qarabağ"ın futbolçuları öz mövqelərində baxımlı oynayırlar. Keçən oyunda proqramımızı Almaniya saatına görə tutmuşduq və indi də eyni şeyi edəcəyik. Bu mənada heç bir problem olacağını gözləmirəm".
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.