Almaniyanın "Bavariya" klubu 2021/2022 mövsümündən kağız və plastik bilet satışını dayandıracaq.
"Report"un məlumatına görə, bu barədə Münhen təmsilçisinin maliyyə direktoru Yan-Kristian Drezen "Bayern & Germany" tvitter səhifəsinə açıqlamasında deyib.
Drezen bildirib ki, bu addım ətraf mühitin mühafizəsi, təbii qaynaqlara qənaət və CO2 (karbon dioksid) emissiyalarının azaldılması məqsədi daşıyır: "Bu amillər bilet satışında əsas yer tutduğundan, "Alyans Arena"dakı ev oyunlarımız üçün artıq çap biletləri verməməyi qərara aldıq. Plastik və kağız biletlərin istehsalını ləğv etmək təxminən 350 000 çap məktubundan imtinaya imkan verəcək. Bu isə iqlimin və təbii resursların qorunmasına dəyərli töhfədir".
"Bavariya" klubunun azarkeşləri yeni mövsümdən stadiona həm elektron, həm də kağız biletlərlə girə biləcəklər. Amma bunun üçün onlar kağız biletləri özləri çap etdirməlidirlər.