Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Samir Əliyev Türkiyənin Antalya bölgəsində keçirdikləri 10 günlük təlim-məşq toplanışını dəyərləndirib.
"Report"un məlumatına görə, gənc mütəxəssis hazırlıq prosesindən maksimum yararlanmağa çalışdıqlarını bildirib. Onun fikrincə, toplanış komandasının xeyrinə olub.
Azərbaycan millisi Antalya toplanışında 3 oyuna çıxıb. Əvvəlcə yerli "Alanyaspor"a 4:2 hesabı ilə qalib gələn yığma ardından Şimali Makedoniyanı hər iki matçda yenib - 2:0, 2:1. Əliyev Şimali Makedoniya ilə ilk qarsılaşmadan fərqli olaraq, bu dəfə əsas heyətdə 7 dəyişiklik etdiklərini xatırladıb. O, matçın gedişində hesabda geri düşmələrinə baxmayaraq, komandasının əzmkarlıq nümayiş etdirib, sonda qələbə qazanmasına sevindiyini vurğulayıb.
Baş məşqçi növbəti planlardan da danışıb: "Qazaxıstanla qarşıdakı oyunlara hazırlaşırıq. Həmin toplanışa 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq. Çempionatın oyunlarını izləyəcəyik. Millinin qapısı ilk növbədə nizam-intizamı ilə seçilən, bu formanı geyinməyə layiq olan bütün futbolçuların üzünə açıqdır”.