Bakı. 15 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun 2018-ci ildə futbolçulara ödədiyi maaşın ümumi məbləği müəyyənləşib.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi geridə qalan ildə oyunçuların məvacibinə 562 milyon avro xərcləyib. Klubun əmək haqqı üzrə xərcləri əvvəlki ilə nisbətən 42 faiz artıb.
Beləliklə, "Barselona" dünyada il ərzində futbolçulara 500 milyon avrodan çox maaş verən ilk klub olub. Komanda 2018-ci ildə İngiltərə "Liverpul"undan Filippe Koutinyo və Almaniyanın "Borussiya" (Dortmund) komandasından Usman Dembeleni heyətinə qatıb və ulduz futbolçusu Lionel Messi ilə müqavilənın müddətini uzadıb.
Qeyd edək ki, daha öncə "Barselona" il ərzində ən çox gəlir əldə edən klub kimi tarixə düşüb.