Azərbaycan Premyer Liqası: İlk dövrənin son turu 2 oyunla başlayacaq

Azərbaycan Premyer Liqası: İlk dövrənin son turu 2 oyunla başlayacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.
Futbol
16 Oktyabr , 2021 07:30
Azərbaycan Premyer Liqası: İlk dövrənin son turu 2 oyunla başlayacaq
Courtesy İmage

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Birinci dövrənin son turu Bakıda start götürəcək. "ASCO Arena"dakı açılış matçında "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcəklər. Hazırda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan kollektivlərdən meydan sahibləri 6 xalla 6-cı, rəqibindən 2 xal az toplayan qonaqlar isə 7-cidir.

Komandalar indiyədək ölkə çempionatında 15 dəfə qarşılaşıblar. Bu görüşlərin 7-də Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv, 4-də Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanıb. 4 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "dənizçilər"in üstünlüyü var - 17:13. “Keşlə” son 7 oyunda yalnız bir qələbə qazanıb. “Səbail”in son 3 ev matçı heç-heçə ilə nəticələnib.

Günün digər oyunu Qəbələdə yerli komanda ilə "Zirə" arasında olacaq. 6 turdan sonra hər iki kollektivin 11 xalı var. "Qırmızı-qaralar" 3-cü, "qartallar" isə 4-cü sırada qərarlaşıb.

İki komanda arasında bunadək baş tutmuş 23 çempionat oyununda əyalət təmsilçisi 7, paytaxt klubu 5 qələbə qazanıb. 11 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi də meydan sahiblərinin xeyrinədir - 26-20. Son 4 görüşün üçündə heç-heçə qeydə alınıb. “Qəbələ” son 9 ev matçında rəqibinə uduzmayıb.

Azərbaycan Premyer Liqası
VII tur
16 oktyabr (şənbə)

15:00. “Səbail” – “Keşlə”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.

17:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, tura oktyabrın 17-də keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi