Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda 10 futbolçu, 1 baş məşqçi və 1 məşqçi cəza səbəbindən iştirak etməyəcək.
"Report"un məlumatına görə, "Neftçi"nin baş məşqçisi Samir Abasov cəzalı olduğu üçün bu gün "Keşlə"yə qarşı səfər oyununu buraxacaq. Komandanın futbolçusu Sabir Buqrin də cəzalıdır. Meydan sahiblərindən Sezar Meza Kolli də sarı vərəqə limitini doldurduğu üçün oynamayacaq.
"Qəbələ"nin müdafiəçisi Rüfət Əhmədov bu gün "Səbail"lə oyunun iştirak ərizəsində yer almayacaq. 19 yaşlı oyunçu da 4 sarı vərəqəyə görə cəzalıdır.
Son ölkə çempionu "Qarabağ"da isə İsmayıl İbrahimli eyni səbəbdən "Zirə"yə qarşı ev matçını buraxacaq.
"Sabah" klubu ilə XXV turda 5 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Təmkin Xəlilzadə, Filip İvanoviç, Bəhlul Mustafazadə son oyunda qırmızı vərəqə aldıqları üçün, Ramil Şeydayev və Coşqun Diniyev isə sarı vərəqə limitini doldurduqlarından "Sumqayıt"a qarşı oynamayacaq. Paytaxt təmsilçisinin məşqçisi Miloş Yevtiç də son oyunda qırmızı vərəqə görüb.
"Sumqayıt"da isə Tellur Mütəllimov sarı vərəqə cazalısıdır.
Qeyd edək ki, bu gün "Keşlə" - "Neftçi" və "Səbail" - "Qəbələ" matçları keçiriləcək. Tura mayın 4-də "Qarabağ" - "Zirə və "Sumqayıt" - "Sabah" matçları ilə yekun vurulacaq.