Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Komandanın oyununda irəliləyiş görünəcək"

Futbol
  • 10 oktyabr, 2023
  • 10:38
Azərbaycan minifutbol millisinin baş məşqçisi: Komandanın oyununda irəliləyiş görünəcək

"Düşünürəm ki, komandanın oyununda yaxşı tərəfdən irəliləyiş görünəcək".

Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışı barədə danışarkən deyib.

Mütəxəssis qardaş ölkədəki hazırlıq prosesinin yaxşı keçdiyini bildirib: "Fiziki durumumuzu, texniki və taktiki vəziyyəti yaxşılaşdırdıq".

Quliyev Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatı ilə bağlı da danışıb: "Yarışda mükafatçılar sırasında yer almaq niyyətindəyik. Hələlik isə bu gün üçün ancaq qrupdan çıxmağı fikirləşirik. Rəqiblərə gəlincə, məncə, Misir millisi digərlərinə nisbətən daha güclü görünür".

Oktyabrın 15-dək yekun heyətin müəyyənləşəcəyini deyən baş məşqçi futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılovun işləri ilə əlaqədar komandada yer almadığını söyləyib: "Təmkin Xəlilzadə isə çox yaxşı formadadır. Onu millidə görə biləcəksiniz".

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşü oktyabrın 27-də İraqa qarşı keçirəcək.