“Bu hazırlığın yığmamıza böyük köməyi dəyəcək”.
Bunu “Report”a açıqlamasında Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı barədə danışarkən deyib.
Mütəxəssis heyətdə zədəli oyunçunun olmadığını bildirib: “Antalyaya geniş heyətlə gəlmişik. Məşqlərimiz yüksək səviyyədə keçir. Dünya çempionatı ərəfəsində buradakı 14 günlük toplanışın fiziki və taktiki cəhətdən xeyri olacaq. Heyətimiz genişdir, uşaqlar özlərini yaxşı tərəfdən göstərirlər. Hər şey qaydasındadır. Bizə bu şəraiti yaratdığı üçün rəhbərliyimizə, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.
Baş məşqçi Türkiyəyə yollanan 20 futbolçunun yalnız iki klubu (“Zirə” – 11, “Birbaşa Bakı” – 9) təmsil etməsinə də aydınlıq gətirib: “Digər komandalardan da milliyə layiq oyunçular var. Bəzi futbolçular çimərlik futbolu yığmasının heyətində İtaliyada turnirdə idilər. Onları gətirə bilmədik. Bəziləri “Zəngəzur”la yarışa getmişdilər, onlarda da bir az problem oldu. Əslində, onlardan da futbolçu dəvət etməyi planlaşdırmışdıq. Sadəcə, gec oldu. Yaxşı oyunçularımız var. Digər komandalardan da yığmaya çox oyunçu cəlb etmək istəyərəm. Dünya çempionatına “Zəngəzur”un iki üzvünü aparmağı düşünürük. Təlim-məşq toplanışından sonra onlarla maraqlanacağıq. Həmçinin “Odlar Yurdu”nun da bir futbolçusuna baxmaq fikrimiz var”.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 7-dək Türkiyədə toplanışda olacaq.