"Mundialda debüt etsək də, məqsədimiz dünya çempionu olmaqdır"
"Report" xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov yığmanın Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq dünya çempionatında iştirakı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Funksioner yarışa Avropa çempionu qismində gedəcəklərini bildirib: "Hədəfimiz daşıdığımız statusa uyğundur. Çempionluğa namizədlərdən hesab edilirik. Bunu doğrultmağa çalışacağıq. Komandamıza da inanırıq".
Hüseynov baş məşqçi Elşad Quliyevin oyunçu seçimində çətinlik çəkdiyini söyləyib: "Antalyadakı təlim-məşq toplanışında şəxsən iştirak etmişdim. O heyətdən 16 nəfərlik siyahı tərtib etmək çox çətin idi. Komandanın bütün üzvləri turnirə hazır idi. İkitərəfli məşqlərdə onlarda olan hirsi, əzmi və mübarizliyi gördüm. Hərdən emosiyalara da qapılırdılar və məşqdə olduqlarını unudurdular. Eyni mübarizə əzmi ilə dünya çempionatının bütün oyunlarında çıxış edəcəklərinə inanıram. Ümid edirəm ki, çempion kimi Vətənə qayıdacağıq".
Qeyd edək ki, milli dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.
Azərbaycan yığması son Avropa çempionatının qalibidir.