Azərbaycan millisinin səfər proqramı Belarusa görə dəyişdirilib

Azərbaycan millisinin səfər proqramı Belarusa görə dəyişdirilib Xorvatiyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin səfər proqramında dəyişiklik edilib.
Futbol
8 Mart , 2022 13:15
Azərbaycan millisinin səfər proqramı Belarusa görə dəyişdirilib
Ağatahir Əzimov

Xorvatiyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin səfər proqramında dəyişiklik edilib.

"Report"un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Ağatahir Əzimov federasiyanın rəsmi saytına müsahibəsində deyib.

48 yaşlı mütəxəssis bildirib ki, daha əvvəl səfərə martın 14-də çıxmaq planlaşdırılsa da, Belarusun turnirə qatılmayacağı açıqlandıqdan sonra komandanın Bakını bir gün gec tərk etməsinə qərar verilib: "Hadisələr elə cərəyan etdi ki, Belarus yarışdan kənarda qaldı. Onlar hava məkanı bağlı olduğuna görə Xorvatiyaya gələ bilməyəcəklər. Halbuki təqvimə uyğun olaraq, ilk matçda onlarla qarşılaşmalı idik. Martın 17-18-də müvafiq olaraq Xorvatiya və Latviya ilə üz-üzə gələcəyik. Ayın 19-da isə Bakıya dönəcəyik. Bu yaş qrupu nə qədər çox oyun keçirsə, təcrübə toplamaq baxımından əhəmiyyətlidir".

Əzimov qrupdakı rəqibləri analiz etdiklərini söyləyib: "Hamısının oyunlarını canlı olmasa da, videoyazı şəklində izləmişəm. Güclü rəqiblərdir. Real yanaşsaq, işimiz çətin olacaq. Xorvatiyada uşaq futzal məktəbləri var, bir nəsil gedir, digəri gəlir. Latviya da turnirə ciddi hazırlaşır".

O, Asiman Yusubovun komandaya kömək etməyəcəyini vurğulayıb: "Təxminən 15 gün əvvəl zədələndi və onun qarşıdakı oyunlarda iştirak etməyəcəyi dəqiqdir. Bir-iki futzalçımızda isə yüngül zədələr var. Amma onlar meydana çıxa biləcəklər".

Son xəbərlər

Orphus sistemi