Azərbaycan millisinin baş məşqçisi: “Türkdilli Ölkələr Turniri” uşaqlar üçün ilk sınaq olacaq

Azərbaycan millisinin baş məşqçisi: “Türkdilli Ölkələr Turniri” uşaqlar üçün ilk sınaq olacaq “U-16 Türkdilli Ölkələr Turniri” uşaqlar üçün ilk yarışdır və maraqlı olacaq.
Futbol
24 Sentyabr , 2024 13:37
Azərbaycan millisinin baş məşqçisi: “Türkdilli Ölkələr Turniri” uşaqlar üçün ilk sınaq olacaq
Aqil Nəbiyev

“U-16 Türkdilli Ölkələr Turniri” uşaqlar üçün ilk sınaq olacaq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət yığmasının baş məşqçisi Aqil Nəbiyev “U-16 Türkdilli Ölkələr Turniri” barədə danışarkən deyib.

Mütəxəssis bunun yeni yığılan komanda üçün ilk turnir olacağını söyləyib:

“Uşaqlar haqqında demək olar məlumatımız yoxdur. Baxmayaraq ki, iki günlük seleksiya toplanışımız oldu. Amma oyunları, liqaları izləyirik. “U-16 Türkdilli Ölkələr Turniri”ndə matçlar iki qrupda keçiriləcək. Bizim qrupda Türkiyə və Türkmənistan var. Hansı ki, buna qədər bir neçə turnirdə iştirak ediblər. Digər qrupda Gürcüstan, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti komandaları mübarizə aparacaq”.

Baş məşqçi bəzi futbolçuları komandaya cəlb edə bilmədiklərini vurğulayıb:

“U-17-yə dəvət alacaq futbolçuları bu yarışa aparmayacağıq. Çünki onlar Avropa çempionatının seçmə mərhələsinə hazırlaşırlar. İspaniyada bəzi futbolçularımız var ki, onları dəvət edə bilməmişik. Turnir ərzində uşaqlarla bağlı daha geniş məlumatımız olacaq. Təlim-məşq toplanışına sabah başlayacağıq. İnanıram ki, uşaqlar özlərini yaxşı tərəfdən göstərəcəklər. Onlar üçün beynəlxalq oyun vacibdir”.

A.Nəbiyev rəqiblərdən Türkiyə yığmasının oyunlarını izlədiyini söyləyib:

“Onlarda seçim baxımından problem olmur. Çünki əhali sayı çoxdur, üstəlik, Almaniyada və başqa ölkələrdə yaşayan türklər də var. Onlarda kütləvilik daha çoxdur. Bizdə isə seçim geniş olmur. Bəzi yerli klublardan uşaqları dəvət edə bilməmişik. Ümumiyyətlə, bu tam heyətimiz deyil. Millinin qapısı hər kəsə açıqdır. Bu yaşda olan uşaqların inkişaf dövrüdür. Yeni istedadlar üzə çıxa bilər. Səfərə 23 futbolçu aparacağıq”.

Qeyd edək ki, Azərbaycanın U-16 millisi sentyabrın 29-dan oktyabrın 7-dək keçiriləcək yarışda Türkmənistan və Türkiyə ilə A qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi