Azərbaycan millisinin baş məşqçisi: "Litva və Şimali İrlandiya bizim üçün uyğun rəqiblərdir"
- 11 dekabr, 2025
- 12:33
19 yaşadək futbolçular arasında Avropa çempionatının 2026/2027 mövsümünün I seçmə mərhələsinin B liqasının 6-cı qrupunda yer alan Litva və Şimali İrlandiya Azərbaycan millisi üçün uyğun rəqiblərdir.
Bunu "Report"a açıqlamasında U-18 yığmasının baş məşqçisi İlham Yadullayev deyib.
Mütəxəssis növbəti il U-19 Avropa çempionatında mübarizə aparacaq komandasının şanslarını dəyərləndirib:
"Düşünürəm ki, uyğun rəqiblərdir. B Liqasında mübarizə aparacağıq. İlk oyunumuz Litvaya qarşı olacaq. Daha sonra Şimali İrlandiya komandası ilə görüşəcəyik. Oyunlarımız Litvada keçiriləcək. Yaxşı hazırlaşıb uğurlu nəticə əldə etməyə çalışacağıq. U-17 səviyyəsində bu rəqiblərlə qarşılaşmamışıq. Amma U-19 səviyyəsində rəqib olmuşuq. Düzdür, hər iki komanda fiziki cəhətdən bizimkilərlə müqayisədə seçilirlər. Lakin onlara qarşı oynamaq mümkündür".
Qeyd edək ki, U-19 2026-cı il martın 25-də Litva, bundan 3 gün sonra isə Şimali İrlandiya ilə üz-üzə gələcək. 6-cı qrupun oyunları Litvada keçiriləcək.