Azərbaycan millisinə dəvət alan hücumçu zədələnib

Azərbaycan millisinə dəvət alan hücumçu zədələnib Azərbaycan milli komandasına dəvət alan "Minay"ın futbolçusu Rüstəm Əhmədzadə "Şaxtyor"la Ukrayna Premyer Liqasının VI tur oyunu zamanı zədələnib.
Futbol
30 Avqust , 2021 10:46
Azərbaycan millisinə dəvət alan hücumçu zədələnib

Azərbaycan milli komandasına dəvət alan "Minay"ın futbolçusu Rüstəm Əhmədzadə "Şaxtyor"la Ukrayna Premyer Liqasının VI tur oyunu zamanı zədələnib.

Bu barədə "Report"a matçı canlı izləyən jurnalist Aqşin Əliyev məlumat verib. Onun sözlərinə görə, 21 yaşlı hücumçu görüşün 89-cu dəqiqəsində topa tullanaraq, başla zərbə endirmək istərkən cəhdi boşa çıxıb və o, yerə böyrü üstə düşərək, xəsarət alıb. Nəticədə gənc forvard meydanı xərəkdə tərk etməli olub. Əhmədzadənin əzələsini dartdığı ehtimal edilir.

Həmkarımız azərbaycanlı hücumçunun meydanda olduğu müddətdə fəallığı ilə diqqət çəkdiyini bildirib: "İlk yarıda "Şaxtyor"un futbolçuları cərimə meydançası daxilində Rüstəmi yerə yıxsalar da, qadın baş hakim Katerina Monzul penalti təyin etmədi. Əvəzində 16-cı dəqiqədə "Şaxtyor"un futbolçusu Marlon məhz Əhmədzadəni yerə sərdiyi üçün qırmızı vərəqə aldı. İkinci hissədə, daha dəqiqi, 76-cı dəqiqədə Rüstəm başla gözəl qol vurdu".

Əliyev Əhmədzadənin müsbət cəhətləri kimi start heyətində yer almasını, görüş vaxtı ən istəkli futbolçu olmasını, məhz onun ucbatından "Şaxtyor"un 74 dəqiqə azlıqda oynamasını vurğulayıb: "Əhmədzadə komandasına penalti qazandıra bilərdi, lakin referi qətiyyətli olub qayda pozuntusunu qeydə almadı. Bununla belə, o, qol vurdu və daha bir dəfə fərqlənmək şansı oldu. Təəssüf ki, bütün oyunboyu dayanmadan qaçdığına görə yorulan hücumçu son dəqiqələrdə əzələsini dartaraq, meydanı xərəkdə meydançadan çıxarıldı".

Jurnalist "Minay"ın daha bir azərbaycanlı futbolçusu Eldar Quliyevin isə mənfi məqamla diqqət çəkdiyini söyləyib: "Mübarizəyə 61-ci dəqiqədə qoşulan Quliyev son saniyələrdə Dodonu dayandırdığına görə ikinci sarı vərəqə ilə meydançadan qovuldu. Həmin epizodda əsəblərini qoruya bilməyən Dodo isə Eldarı bilərəkdən vurduğuna görə elə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Beləliklə, "Minay"ın azərbaycanlı futbolçuları "Şaxtyor"un iki futbolçusunun meydandan qovulmalarının səbəbkarı oldu".

Qeyd edək ki, Ujqorod şəhərindəki "Avanqard" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi