Azərbaycan Kuboku: "Qəbələ" yarımfinalda "Qarabağ"a rəqib olub
- 13 fevral, 2022
- 12:51
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib.
"Report"un məlumatına görə, "Qəbələ" evdə "Sumqayıt"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Matdçda ilk qolu meydan sahibləri vurublar. 18-ci dəqiqədə İsnik Alimi adını tabloya yazdırıb. Qonaqların bərabərlik qoluna isə yeni transfer Araz Abdullayev imza atıb. 82-ci dəqiqədə penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi Azərbaycana qayıdışını qolla qeyd edib.
İlk oyunda 1:0 hesablı qələbə qazanmış "Qəbələ" doğma meydandakı heç-heçədən sonra yarımfinala adlayıb. "Qırmızı-qaralar"ın bu raunddakı rəqibi "Qarabağ" olacaq.
Qeyd edək ki, 1/4 finalın son matçında "Zirə" "Səbail"in qonağı olacaq. "Qartallar" ilk matçda rəqibini 4:0 hesabı ilə darmadağın edib. Cütün qalibi yarımfinalda "Neftçi"yə rəqib olacaq.