"Qarabağ" klubunun və Albaniya milli komandasının sabiq futbolçusu Ansi Aqollinin "Report"a müsahibəsi
- Azərbaycana xoş gəlmisiniz. Öncə təəssüratlarınızı bilmək maraqlı olardı...
- Əla hisslər keçirirəm. Mənə doğma olan ölkəyə iki ildən sonra gəlmişəm. Bu şəhərdə, bu komandada gözəl vaxt keçirmişəm.
- Belə bir vaxtda Bakıya gəlişiniz nə ilə bağlıdır?
- Məni bura gətirən səbəb keçmiş komanda yoldaşlarımı, dostlarımı, baş məşqçimi görmək istəyidir.
- İddiaya görə, səfəriniz həm də işgüzar xarakter daşıyır. "Qarabağ"ın sponsorlarından olan "Azərçay" üçün reklam çəkilişinə görə burada olduğunuz barədə məlumat var...
- Xeyr (gülür). Bu, sadəcə, zarafat idi, Bakıya turist kimi gəlmişəm. Hər zaman burada olmaqdan zövq almışam. Tezliklə geri qayıdacağam. Əslində bu səfəri daha əvvəl planlaşdırmışdım. Amma pandemiya ilə bağlı vəziyyətə görə səfəri təxirə salmalı oldum. Hazırda isə ümumi durum nisbətən yaxşıdır.
- Şəxsi işləriniz necə gedir?
- Vəziyyət hər yerdə eynidir. Hər şey dəyişir. Əvvəlki ilə müqayisədə həyat şərtləri asan deyil. Yaşamağa, öz işimi davam etdirməyə çalışıram (gülür - E.S.).
- ABŞ-da futbol akademiyası açmısınız...
- Bəli, "AB7 Soccer Academy" mənə məxsusdur. Akademiyanı ötən ilin sentyabrında açmışam. İşlər pis getmir. Uşaqların orada təcrübə keçməyə maraqları var. Ümid edirəm ki, gələcəkdə bu layihəni daha da inkişaf etdirəcəyəm.
- Gələcəkdə bu istiqamətdə "Qarabağ"la əməkdaşlıq etməyi planlaşdırırsınız?
- İdmanda hər şey mümkündür. Nə zaman nə olacağını bilmirsən. "Qarabağ" mənim doğma klubumdur. Karyeramın 60 faizini bu komandada keçirmişəm. Bura nə vaxt gəlsəm, özümü evimdəki kimi hiss edirəm.
- "Qarabağ"ın cari mövsüm UEFA Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?
- Bir az qəribə mövsüm oldu. "Qarabağ" demək olar ki, bütün oyunlarını səfərdə keçirdi. Ona görə də bu halda çox şey gözləmək olmur. Amma "Qarabağ" hər zaman avrokubokların qrupunda çıxış edir. Bunun özü də uğurdur.
- Sabiq komandanız hazırda çempionluq yarışında "Neftçi"dən geri qalır. Sizcə, bu mövsüm "Qarabağ"ın hegemonluğuna son qoyula bilərmi?
- Hələ qarşıda 12 tur var. "Qarabağ" "Sumqayıt"a qarşı çox yaxşı oynadı, sadəcə, qol çatmadı. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edib, mövqeyini geri qaytaracaq. Çünki heyət kifayət qədər yaxşıdır.
- Son sual milli komanda ilə bağlıdır. Albaniya millisinə də rəhbərlik etmiş və sizin də çox yaxşı tanıdığınıız Canni De Byazi hazırda Azərbaycan yığmasının baş məşqçisidir. Sizcə, DÇ-2022-nin seçmə mərhələsində bu komandadan nə gözləmək olar?
- Azərbaycan millisi də Albaniya kimi, çox qəliz qrupa düşüb. Hər ikisinə asan olmayacaq. Açığı, pandemiya ilə bağlı dəqiq proqnoz vermək olmur. Gələcəkdə nəyin necə cərəyan edəcəyi qeyri-müəyyəndir. Ümid edirəm ki, Canni De Byazi komandanı daha yaxşı vəziyyətə gətirəcək və futbolçular bayraq, ölkə üçün sonadək mübarizə aparacaqlar. Tək sizin millini yox, öz yığmamızı da nə vaxtsa böyük turnirlərdə görmək istərdim.