Anar Nəzirov: "Zirə" çox haqsızlıqlarla üz-üzə qalıb" - MÜSAHİBƏ

Anar Nəzirov: "Zirə" çox haqsızlıqlarla üz-üzə qalıb" - MÜSAHİBƏ "Əsas öz oyunumuzu fikirləşirik"
Futbol
16 May , 2023 11:38
Anar Nəzirov: Zirə çox haqsızlıqlarla üz-üzə qalıb - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq qapıçısı Anar Nəzirov peşəkar karyerasına 2005-ci ildə "Gəncə"də (indiki "Kəpəz"də) başlayıb.

Hazırda "Zirə"də çıxış edən 38 yaşlı qolkiper paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionatında 100-cü matçını keçirib. Onun yubileyi Premyer Liqanın 34-cü turunda "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri oyun təsadüf edib.

"Zirə"nin tarixinə Premyer Liqada 100 və daha çox görüşdə iştirak edən üçüncü futbolçu kimi düşən Nəzirov "Report"un suallarını cavablandırıb.

- XXIV turda "Kəpəz"lə bərabərə qaldınız. "Qəbələ"nin məğlub olduğu turda xal itirmək sizə necə təsir etdi?
- Biz matçımızı "Qəbələ"dən əvvəl keçirmişdik. Onların hansı nəticəni əldə edəcəyini bilmirdik. Belə məqamlara önəm vermirik. Əsas öz oyunumuzu fikirləşirik. İstəyimiz üç xal qazanmaq idi. Buna nail ola bilmədiyimiz üçün çox məyus olduq.

- "Zirə"nin heyətində Premyer Liqada 100-cü oyununuzu keçirdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Bundan xəbərim yox idi. Xoş sürpriz oldu. Komanda çempionatda debüt edəndə də qapıda mən dayanmışdım. 2019-cu ildə "Qəbələ"yə keçməsəydim, bu klubda daha çox oyuna çıxardım.

- Komandada ən çox oyun keçirən futbolçu kimi tarixə düşmək istəyirsinizmi?
- Əlbəttə. Belə bir şeyin olmasını arzulayıram. Amma tək mənim istəyimlə heç nə həll olmur.

- "Qəbələ"dən iki xal geridə olsanız da, hələ də avrokuboklara vəsiqə qazana bilərsiniz. Son iki turda şansları necə görürsünüz?
- Artıq taleyimiz öz əlimizdə deyil. Rəqibin şansları daha çoxdur. Onlar qarşıdakı matçlardan hansındasa məğlub olmalıdırlar. Biz mövsüm ərzində əlimizdə olan şanslardan yaxşı istifadə edə bilmədik, müəyyən uğursuzluqlar yaşadıq. "Turan Tovuz" və "Kəpəz"lə evdəki görüşlərdə bəxtimiz gətirmədi. Sonuncu turun ardından daha çox məyus olduq, "Qəbələ" ilə xalları bərabərləşdirə bilərdik.

- Artıq çempionatda 34 tur geridə qalıb. Hansısa qarşılaşmada haqsızlığa məruz qaldığınızı düşünürsünüzmü?
- Bunlardan çox da danışmaq istəmirəm. Hər kəsin səhvi olur, hakimlər də insandır. Bilirsiniz ki, "Zirə" belə şeylərlə çox üz-üzə qalır.

- Sizcə, bunun səbəbi nədir? Hamısı planlı şəkildə olub?
- Səbəbini mən də bilmirəm. Sadəcə yenə onu demək istəyirəm ki, "Zirə" belə hadisələrlə çox üzləşib.

- Baş məşqçi Rəşad Sadıqov bəzi matçlarda sizə, digərlərində isə Mehti Cənnətova şans verir. Stabilliyin olmamasının əsas səbəbini nədə görürsünüz?
- Bu, baş məşqçinin seçimidir. Kimə inanırsa, ona da şans verir. Yəqin ki, həftəlik məşqlərə əsas qərarlar qəbul edir.

- Artıq 38 yaşınız olacaq. Karyeranızı nə vaxt yekunlaşdırmağı planlaşdırırsınız?
- Hər şey bizim istəyimizlə olmur. Kiçik zədə və başqa hadisələr karyeramızın bitməsi ilə nəticələnə bilər. Bu yaşdan sonra davam etməyi planlaşdırırıqsa, çox diqqətli olmalıyıq. Özümüzə baxmalı, məşqlərdə dözümlü olmalı, cəldliyi və çəkini saxlamalıyıq. Motivasiya və psixoloji baxımdan da hazırlıqlı olmaq vacibdir. Hazırda davam etmək üçün gücüm var, sabah necə olacağını bilmirəm. Bir sözlə, karyeramı davam etdirmək istəyirəm.

- "Zirə" sizə yeni müqavilə təklif edibmi?
- Hələlik bu yöndə danışığımız olmayıb.

Son xəbərlər

Orphus sistemi